Öncəki məqalələr

Kişi ki, namusundan imtina etdi...

/ Cümə axşamı, 26 Sentyabr 2019 13:53
Kişi ki, namusundan imtina etdi...

“Qadın nə kişinin namusudur, nə də onun qeyrəti”.

Bunu yazan, öz təbiri ilə desək, Azərbaycanın liberallaşmasını arzulayan, Azərbaycanı “qara keçmişindən” imtina etməyə çağıran bir insandır. Fəxrlə deyir ki, həyat yoldaşı artıq onun namusu, qeyrəti deyil. Əslində, yazını elə burdaca, həyatını qeyd etdiyimiz tezis üzərində quranlara xalqımızın verdiyi epiteti xatırlamaqla bitirmək olardı. O sözü yazmayacağıq. Çünki liberallaşmayan, “geridə qalan” azərbaycanlılar (belələri isə, Allaha çox şükür, hələlik çoxluq təşkil edir) bu sözü çox gözəl bilirlər. Əvvəldə yazılan cümləni oxuyan kimi, artıq adamı şəxsən tanımadan onun hansı yuvanın quşu olduğunu gözəl anladılar bu “geridə qalmışlar”. Amma biz az, lap azacıq da bu mövzu üzərində dayanmaq istərdik.

Qeyrət mənşəcə ərəb sözüdür. Mənası da ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qorumadır. Yəni insan bir şeyi əziz və müqəddəs saymırsa, deməli hər hansı səviyyədə qeyrətdən söhbət gedə bilməz. Bu saymazlığa görə insana “qeyrətsiz”, “namussuz” damğası vurmaq olar, ya yox? Suala cavab vermək üçün gərək insanın nəyi dəyərsiz, əziz saymadığına nəzər salaq. Məsələn, küçədə gəzən evsiz it-pişiyin qeyrətini çəkməyən adama qeyrətsiz demək olarmı? Sual, əlbəttə ki, ritorikdir. Yaxşı, bəs həyat yoldaşı ilə həyətdə gəzib-dolaşan it arasında fərq qoymayan insanı necə? Ona qeyrətsiz desək haqlı olarıq, ya bizi qınayarlar? Əslində, böyük etibarı ilə bu sual da ritorikdir. Ancaq hər halda: bu suala “hə” cavabı versək, bizi azərbaycanlıların böyük əksəriyyəti qınamaz. Qınasa da bu sualın yersizliyinə, mənasızlığına, cavabının tam aydın olduğuna görə qınayar. Deməli,..

İndi isə yuxarıda yazdıqlarımızdan doğan bir paradoks, nonsens. Deməli, həyat yoldaşını it-pişikdən fərqləndirməyən birisi iddia edir ki, həyat yoldaşını öz qeyrəti hesab edən azərbaycanlı kişilər əslində qadını alçaldır, onun hüquqlarını tapdalayırlar. Qəribədir, deyilmi? Adama deyərlər (bəlkə də artıq deyiblər), ay... (nə isə, kişi yazmaq istəmədim), sən insanla, uşaqlarının anası ilə it arasında fərq qoya bilmirsən, gəlib bu boyda xalqa, xalqın keçmişinə şıllaq atırsan? Ay...(hamının anladığı sözdür, sadəcə onu da yazmaq istəmədim), get o yanda, məsələn, qucağına atıldığın Niderlandda oyna. Orda arvadını da, qızını da, ananı da qeyrətdən kənar say, ümumiyyətlə bu sözü, bu söz arxasında dayanan mətləbləri unut. Azərbaycanlılara isə dil uzatma. Bu camaat nəyin qeyrət, nəyin isə qeyrətsizlik olduğunu yaxşı anlayır. Qeyrət, namus söhbəti ciddi, böyük söhbətdir, sənin başın, qeyrət geni ölənlər üçün deyil.

P.S. Əslində isə, bütün bu namus-qeyrət söhbətinin arxasında tam başqa, daha böyük oyunlar aparılır. Arvadını qeyrəti saymayanlar da bu böyük oyuna özlərinin də xəbəri olmadan cəlb edilən çox xırda oyunçulardır. Məqsəd isə dünyanı idarə edən nəhəng qüvvələrin qloballaşmaya yönələn səyləridir. Qloballaşma – yəni xalqların, millətlərin özəlliklərini, mentalitet deyib lağ edilən unikallıqlarını itirməsi, assimilyasiyası. Azərbaycan xalqından almaq istədikləri çox şey var, qeyrət hissi də onların sırasındadır. Məqsədə çatmaq üçün isə hər vasitədən istifadə edirlər. Hətta məhrəmlərindən də.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.