Bu gecə (fevralın 11-dən 12-nə keçən gecə) imam Məhəmməd Təqinin (ə), müsəlmanların 9-cu imamının mövludunun ildönümüdür.
İmamın məşhur ləqəblərindən biri Cavaddır.
İslam.az-ın məlumatına görə, imam Məhəmməd Təqi (ə) hicri 195-ci il rəcəb ayının 10-da dünyaya Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Riza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub.
Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (a) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki imam Rizanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək “Bab ul-Cavad” (Cavad qapısı) adlanır.
İmam 220-ci hicri-qəməri ilində Mötəsimin əmri ilə zəhərlənib şəhid edilib. İmam Məhəmməd Təqi (ə) Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn edilib.
Bu mübarək gündə bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Qurandan və Əhli-beytdən uzaq düşməməyi diləyirik!