AzərbaycanXəbərlər

Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti onlayn dəyirmi masası keçirilib

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti onlayn dəyirmi masa tədbiri keçirilib. Dəyirmi masa ölkədəki dini durum, Ramazan proqramları və s. mövzulara həsr olunub. DAM icraçı direktoru Natiq Rəhimovun moderatorluğu ilə baş tutmuş tədbirdə aparıcı dini icmaların nümayəndələri İlham Səlimov, Samir Pənahov, İlahiyyat İnstitutunun müəllimi Aslan Həbibov, AMEA əməkdaşı Elnur Mustafayev, “İrfan” cəmiyyətinin üzvü Samir Qasımov, “Milli Kimlik araşdırmaları” layihəsinin aparıcı eksperti, jurnalist Kənan Rövşənoğlu, Gəncliyə Yardım Fondunun nümayəndəsi Eldar Kərimli, ilahiyyatçı Araz Mehrəli Şiyəkəranlı, islam.az saytının redaktoru Vüsal Əliyev və b. iştirak etmişlər.

Toplantıda Ramazan ayının gəlişi ilə bağlı dini icmalar tərəfindən hansı proqramların həyata keçiriləcəyi müzakirəyə çıxarılmışdır. İştirakçılar pandemiya ilə bağlı bütün sahələrdə olduğu kimi, dini maarifləndirmə və dini xidmət sahələrində də yeni və fərqli bir vəziyyətin meydana çıxdığını vurğuladılar. Qeyd edildi ki, hər şeydən əvvəl, dini cameə virtual ünsiyyət və virtual müzakirə vərdişlərini öyrənmiş oldu. Ötən iki ildəki kimi bu dəfəki Ramazanda da pandemiya vəziyyətinin reallıqlarını nəzərə almağa məcburuq. Tədbir iştirakçıları təmsil etdikləri məscidlərə dindarların ibadət üçün gəlmələrinə qadağan və məhdudiyyət yaradılmadığını bildirdilər, məscid fəaliyyətinin qanunla və mövcud reqlamentlə tənzimləndiyini diqqətə çatdırdılar. Xüsusi olaraq qeyd edildi ki, Quranın nazil olduğu Ramazan ayı ərzində cəmiyyətin İlahi Kitabla tanışlığı istiqamətində işlər daha ciddi və ardıcıl formada həyata keçirilməlidir.

Müzakirələr zamanı bu da qeyd edildi ki, ölkə ərazisində fərqli Ramazan cədvəllərinin tərtib edilib yayılması arzuedilən hal deyil. Bu məsələdə mərkəzləşdirilmiş sistem yaratmağa və imkan dairəsində ortaq nəticəyə gəlməyə ehtiyac vardır. Dini icma başçıları və nüfuzlu ruhanilər bu problemin həlli istiqamətində əl-ələ verərək müsbət nəticə almağa çalışmalıdırlar.

Tədbir iştirakçıları Ukrayna və Rusiya arasında baş verən hərbi əməliyyatların Azərbaycan dini cameəsinə təsirini müzakirə etmiş, hər hansı müharibənin və insan itkisinin əleyhinə olduqlarını və baş verən hadisələrdən təəssüf hissi keçirdiklərini yekdilliklə dilə gətirmişlər. Toplantıda bu fikir vurğulandı ki, digər ölkələrdə baş verən siyasi və hərbi hadisələri ölkənin dini mühitinə daşımaq cəhdləri yolverilməzdir. Bu mövzu ilə bağlı sosial şəbəkələrdə gedən mübahisələr zamanı dindarlar bir-birini kobud surətdə təhqir edir, hətta dinə xəyanətdə təqsirləndirirlər. Halbuki, Azərbaycan hüdudlarından xeyli kənarda baş verən və heç bir dini mahiyyət daşımayan bir müharibəyə islami don geyindirmək cəhdi absurddur. Tədbir iştirakçıları dindarları bu cür həssas dönəmlərdə xüsusilə ayıq-sayıq olmağa, bir-birinə hörmətlə yanaşmağa çağırdılar.

Daha sonra toplantı üzvləri din xadimlərinin təyinatı ilə bağlı mövcud qanunvericiliyə edilmiş dəyişikliyi müzakirə etmişlər. Onlar ümidvar olduqlarını bildirdilər ki, din xadimlərinin təyinat səlahiyyətinin QMİ-dən alınaraq DQİDK-ə verilməsi mövcud bəzi problemlərin həllinə kömək edəcək. Bununla yanaşı qeyd edildi ki, bu sahədə əsas problem DQİDK-nin lazımi kadr ehtiyatına malik olub-olmaması və kadr siyasətini hansı meyarlar əsasında həyata keçirəcəyi olacaqdır.

Sonda bu silsilədən olan tədbirlərin gələcəkdə də mütəmadi olaraq, daha geniş tərkibdə keçirilməsi qərara alınmışdır.

Qeyd edək ki, DAM tərəfindən belə dəyirmi masalar əvvəlki illərdə də mütəmadi keçirilib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button