AktualXəbərlər

Quran olan baş və başa düşən daş

Mübarək Ramazan ayının 2/3-i geridə qalıb. Hər bir müsəlman İlahi ziyafət süfrəsindən mümkün qədər yararlanmağa çalışır. Nəzəri olaraq, bu mübarək günlərdə və gecələrdə İslam ardıcıllarının bütün diqqəti Allaha, Ondan bağışlanma diləməyə, savab axtarışlarına yönəlməlidir. Amma çox təəssüflər olsun ki, reallıq nəzəriyyə ilə üst-üstə düşmür.

“Elşadiyyə” və ya “Miriyyə”

Azərbaycanda bir qrup var ki, bütün vasitələrlə özünü dinə, bu cameəyə ürcah etmək istəyir. Şakərləri də əlamətdar günlərdə meydana çıxıb dini jandarm rolunu oynamaq, öz nəzərlərini mütləq haqq və peyğəmbərimizin (s) gətirdiyi “əsl” İslam kimi cəmiyyətə sırımaqdır. Mübarək Ramazan ayı da, xüsusən Qədr gecələri, bu qrup üzvlərinin benefis anlarındandır. Bu il də istisna olmadı. Ciddi vəchlə cəmiyyətə “ilahiyyatçı” kimi təqdim edilməyə çalışılan Elşad Miri ampluasına sadiq qalaraq Qədr gecəsini də, bu gecədə həyata keçirilən bəzi əməlləri də hədəfə aldı. Amma ötən ilkilərdən daha təəccüblü, daha paradoksal, daha məntiqsiz, daha ziddiyyətli. Həmişə heç bir məzhəbə və cərəyana aid olmadığını söyləsə də, əslində yeni cərəyanın banisi sayıla bilər. Bu cərəyana hələ ki, ad verilməyib. Amma bəlkə də gələcəkdə “Elşadiyyə” və ya “Miriyyə” olsun… Nə isə, keçək mətləbə.

Məşədi İbadı yada salmayasan, bəs neyləyəsən?!

Saytların birinə açıqlamasında Miri deyir ki, “Qədr gecəsinin Ramazan orucu ilə əlaqəsi yoxdur. Ramazanda Quranın nazil olduğu bildirilir və Qədr gecəsində Quranın gəlməyə başladığı qeyd edilir”.

Burda istər-istəməz Məşədi İbad xatırlanır: “Mən Tarix-Nadiri yarısına qədər oxumuşam, amma…”. Kim, harada və nə zaman deyib ki, Qədr gecəsi Ramazan orucunun tərkib hissəsidir? Adamı dəhşət bürüyür ki, özünü “ilahiyyatçı” kimi təqdim edənə nəyi isə izah etmək üçün ibtidai səviyyəyə qayıtmalı, ümumiyyətlə orucun nə olduğunu, “oruc” sözünün nə məna kəsb etdiyini izah etməlisən. Amma day çarə yoxdur, məcburuq. Deməli, belə.

Oruc tələbi İslamda gündüzə aiddir, Elşad Miri! Yeməmək, içməmək, nəfsani istəklərini cilovlamaq və s. Elə ki günəş qürub etdi, artıq bu tələblər sübh azanına qədər, yəni GECƏ əsnasında aradan qalxır. Müsəlmanlar da Qədr gecəsini GECƏ (!) qeyd edirlər. Və o zaman oruc olmurlar. Zənnimizcə, daha bunu anlamaq elə də ciddi problem yaratmayacaq. Amma… “Qədr gecəsinin Ramazan orucu ilə əlaqəsi” olmasa da, mübarək ayla birbaşa əlaqəsi mövcuddur. Çünki Qədr gecəsi mübarək ayın bir gecəsidir, tərkib hissəsidir, özünüz də etiraf etdiyiniz kimi “Ramazanda Quranın nazil olduğu bildirilir və Qədr gecəsində Quranın gəlməyə başladığı qeyd edilir”. Normal düşüncəli insanlar da məhz bu hadisənin işığına toplaşırlar məscidlərə. Yenə də anlaşılması üçün primitivləşdirib deyək: gəlib Allaha minnətdarlıqlarını bildirirlər ki, bəşərə belə bir Kitab nazil etdi, buna görə Ona şükür edirlər. İndi buna “Qədr gecəsi” yox, “şükranlıq gecəsi”, “minnətdarlıq gecəsi” və s. təriflər verin (Siz axı “seçilməyi” sevirsiniz). Nə kimi problem yaranır? İslama nə kimi zərbə vurulur? Kim nəyi təhrif edir?..

Daha bundan da sadə necə yazaq?

Bundan da sadə?

Bu mübarək ayda hədəfə alınan məsələlərdən biri də müsəlmanların Quranı başlarına qoyub dua etmələridir. Miri və onun düşüncədə olanlar dəridən-qabıqdan çıxırlar ki, bəs bu İslama ziddir, bunu peyğəmbər (s) etməyib, Quranı başa qoymaqdansa içindəkiləri oxumaq lazımdır. Bəziləri bir qədər də irəli gedərək iddia edirlər ki, bu “Qurana hörmətsizlik sayıla bilər. Çünki kitab oxunmaq üçündür, başa qoyulmaq üçün yox”. Hətta belə. Yenə də heç bir elmi araşdırmalara, sübutlara, hədislərə müraciət etməyəcəyik. Çünki dəfələrlə bunu müxtəlif vasitələrlə müxtəlif ilahiyyatçılar və din xadimləri ediblər. Nəticəsi isə göz önündədir. Ona gör də mümkün qədər yenə sadələşdirəcəyik.

Əvvəla qeyd edək ki, heç kim və heç vaxt iddia etməyib ki, Quranı başa qoyub dua etmək və ya Qədr gecəsinin hər hansısa başqa əməli dini vacibatdır. Bunu etməsən, hətta bu gecəni başını atıb yatsan belə, günahkarlar sırasına düşməyəcəsən, əmin ol.

İkincisi. Şəhid anasının övladının çəkməsini öpüb bağrına basdığını görmüşünüz? Uşaqlıq fotosunu bağrına sıxıb hönkürdüyünü, üzünə sürtdüyünü necə? Bilirsiniz bunu niyə edir? Əslində bilməlisiniz, amma hər ehtimal yenə sadə izahını verək: çünki ciyərparəsini sevir, onu qəlbində yaşadır, əzizidir, həyatının mənasıdır və bu hərəkətlərilə də hisslərini izhar edir. Müsəlmanlar da Quranı qəlbən sevirlər, ona bağlanırlar və onu öpüb gözlərinin üstünə, başlarına qoyurlar. “Baş tacı”, “göz nuru” ifadələrini də eşitmişiniz yəqin. Müsəlmanlar da məhz bunu ifadə edirlər, Allaha, Onun ən əziz bəndələrinə and verərək bağışlanma diləyirlər. Və əmin olun ki, müsəlmanlar Quranda yazılanlardan kifayət qədər xəbərdardırlar və Müqəddəs Kitabı başlarına qoymaq onların məlumatlıq dərəcəsinə zərrə qədər xətər yetirmir.

Daha bundan da sadə necə yazaq?

P.S. Rəbbimiz “Qədr” surəsində buyurur: “Sən haradan biləsən ki, Qədr gecəsi nədir?!” Yəni bəndənin Qədr gecəsinin əsl mahiyyətini anlaması mümkünsüzdür. Ancaq bu anlamamanın da dərəcələri var. Və biz bəzən kimin nisbətən hansı dərəcə səviyyəsində olduğuna əyani şahidlik edirik.

P.P.S. Yeri gəlmişkən. İkinci Qarabağ müharibəsinə gedənlərin böyük əksəriyyəti Quranın altından keçdi, Kitabı öpüb gözünün üstünə qoydu. Neçəsi şəhidlik şərbətini içdi, neçəsi əzalarını itirdi. Amma qalib oldular. Bunu da unutmayın.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button