AzərbaycanXəbərlər

“İƏT Modeli – 2022” proqramı üzrə mühazirələr bitdi

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə 11 ildir uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin mühazirə və təlimlər hissəsi artıq öz işini bitirib.

Bu ilin aprel ayının əvvəllərindən başlayaraq Bakıda keçirilən proqram çərçivəsində Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nəssir Əbdül Kərim Əbdül Rəhim, Pakistan İslam Respublikasının səfiri Bilal Haye, Özbəkistanın səfiri Baxrom Əşrəfxanov, Mərakeş Krallığının səfiri Adil Embarş, Qırğızıstanın səfiri Kayrat Osmonaliyev Azərbaycanda təhsil alan tələbələr qarşısında çıxış edərək öz ölkələrinin xarici siyasətləri və İƏT-də oynadıqları roldan bəhs ediblər. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Azərbaycanın müasir dövrdə xarici siyasət prioritetləri, beynəlxalq münaqişələr və İƏT üzv Ölkələri arasında Əlaqələndirmə, dəyişən dünyada təhsilin rolu, İslamın dünya sivizilasiyanda rolu və başqa mövzuda çıxış ediblər. Adı çəkilən mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb.

Xatırladaq ki, İƏGF-ARM və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələr dinləyən tələbələr eyni zamanda yuxarıda adı çəkilən ölkələrin səfirliklərinə gedərək, həmin ölkələrlə bağlı lazım olan məlumatları əldə ediblər.

May ayının 15-də isə layihə çərçivəsində “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının keçirilməsi planlaşdırılır, münsiflər heyətinin qərarı ilə bu oyunlarda xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçiləcək tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.
“İƏT Modeli” artıq digər ölkələrdə də öz işinə başlayıb, yaxın zamanlarda bu proqramın bütün İƏT ölkələrində başa çatması və simulyasiyaların keçirilməsi planlaşdırılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button