Azərbaycandan həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycana həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:
“Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.
Şöbə müdiri deyib ki, həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər:
“Eyni zamanda iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini – 2, Moderna – 2, Oxford-AstraZeneca – 2, Janssen – 1, Covovax – 2, Nuvaxovid – 2, Sinopharm – 2, Sinovac – 2, Covaxin – 2, Sputnik-V – 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin həcc ziyarətinə icazə verilmir”.