AzərbaycanXəbərlər

“Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusu müzakirə olunub

Azərbaycan Respublikası Milli Məclisi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə 13 iyun 2022-ci il tarixdə “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov bildirib ki, müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması və inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilir”.

Dini təhsil sahəsində problemlərə toxunan A.Şirinov qeyd edib ki, din spesifik istiqamət olduğu üçün bu sahədə ölkə gerçəklikləri nəzərə alınaraq tədris həyata keçirilməlidir. Aİİ rektoru ali təhsil müəssisənin fəaliyyəti haqqında məlumat verərək, qarşıda duran vəzifələr haqqında söhbət açıb.

Milli Məclisin Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ilk olaraq tariximizin və taleyimizin ən şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsində qələbəmizə diqqət çəkib. F.İbrahimli konfransın əhəmiyyətinə toxunaraq bildirib ki, din təhsili milli dəyərlərimiz, eləcə də ölkəmizin tolerant mühiti nəzərə alınmaqla həyata keçirilməlidir. Milli Məclisin sədrinin müavini xalqımızın dini qadağaların mövcud olduğu sovet dövründə belə dini inanclarını qoruduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətinə toxunaraq, dövlət-din münasibətləri modeli, eləcə də dini ali və orta təhsil mövzusunda silsilə tədbirlərin keçirilməsini vacib hesab etdiyini bildirib.

Komitə sədri qeyd edib ki, əvvəllər məscid yanında fəaliyyət göstərən mədrəsələrdə din təhsili ilə yanaşı, dünyəvi təhsil də tədris edilirdi. Müasir dövrdə Azərbaycanda dini təhsilin əhəmiyyətinə toxunan M.Qurbanlı orta məktəblərdə şagirdlərin dinlərlə bağlı müəyyən biliklərə yiyələnmələrinin vacibliyini də vurğulayıb: “Müasir dövrdə dini təhsil sahəsində əsas vəzifələrdən biri də gənclərin bütün dinlər haqqında ətraflı məlumatlarının olmasıdır. Dindən istifadə edən radikal və ekstremist qrupların təsiri altına düşməmələri üçün gənclərə dini biliklər düzgün öyrədilməli, dini ali və orta təhsil yüksək səviyyədə tədris olunmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, f.f.d. Fuad Nurullayev “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusuna toxunaraq, gənc nəslin tərbiyəsinin ailənin başlıca funksiyalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələ valideynlərin ən mühüm vəzifələrindən biridir. F.Nurullayev, həmçinin ailədə əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının vacibliyi məsələsinə də toxunub.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button