Bilərəkdən namazı vaxtında qılmamaq və qəzaya saxlamaq günahdır. Məsumların hədislərində namazı azan veriləndən dərhal sonra, yəni vaxtın əvvəlində qılmaq çox təkid edilir. Bunun həm dünyada, həm də axirətdə insana çox faydaları vardır.
Xüsusilə, insanların yuxulu və yorğun olduqları vaxtlarda, yəni gecə və sübh tezdən qılınan namazlara diqqətli olmaq lazımdır. Günümüzdə də çox üzləşdiyimiz problemlərdən biri budur. İnsanlar həm gündəlik vacib namazlardan olan sübh namazına, həm də müstəhəb olan gecə namazına oyanmaqda çətinlik çəkirlər. Sübh namazına oyana bilmədiyi üçün bəziləri tez-tez onun qəzasını qılmağa məcbur olurlar.
Gecə və sübh namazlarına oyana bilmək üçün bəzi maddi və mənəvi göstərişlərə əməl etmək faydalıdır. Həm məsumlarımızın hədislərində, həm də böyük alimlərin tövsiyələrində bununla bağlı müəyyən təlimatlar mövcuddur.
Aşağıda onlardan bəzilərini (və ən mühümlərini) qısaca olaraq diqqətinizə çatdırırıq.
1. İnsanı namazdan uzaqlaşdıran, onu səhlənkar edən əsas səbəblərdən biri günahlardır. Günahlar mənəviyyata ləkə vurur, qəlbi paslandırır, iman nurunu zəiflədir. Şeytan insanın qəlbinə vəsvəsə salaraq, onu müxtəlif yollarla Allaha ibadətdən uzaqlaşdırır. Bəzilərini tamamilə ibadətdən kənar salır, bəzilərində ibadətə qarşı səhlənkarlıq yaradır. Qurani-Kərimdə də bəzi böyük günahların insanları namazdan uzaq tutması qeyd edilir (Maidə, 90). Namazlara diqqətli olmaq üçün günahlardan bacardıqca çəkinmək lazımdır. Günah imkanı yaranarkən təqvalı olmaq, hətta zəiflik üzündən günaha yol verilsə belə, səmimi qəlbdən tövbə etmək ibadətə qarşı sevgi və diqqət yaradar.
2. Dini mövzularda çox düşünmək, xüsusilə, namazın əhəmiyyəti barədə təfəkkür etmək də gözəl nəticə verər. Bizim üçün mühüm olan hadisələrdən ötrü, məsələn, imtahana getmək, qatara ya təyyarəyə gecikməmək üçün özümüzü səhər tezdən durmağa məcbur edirik. Heç bir yorğunluq və bəhanə bizə mane ola bilmir. Çünki məqsədimizi yaxşı anlayır, səhər tezdən görəcəyimiz işin vacibliyini və həyatımızdakı əhəmiyyətini lazımınca dərk edirik. Əgər namazın da əhəmiyyətini bu qədər anlaya bilsək, onu qəzaya verməz və vaxtında oyanmaq üçün əlimizdən gələni edərik.
3. Allahı daha çox sevmək və Onun nemətləri barədə düşünmək də namazlara diqqətli olmağa kömək edər. Təsəvvür edin ki, bir nəfər sabah səhər çox çətin bir işimizi həll edəcəyinə söz verir. Həmin adamla görüşə necə hazırlaşar və buna necə tələsərik! Eləcə də, Allahla görüşümüz olan namazı da bu şəkildə qəbul etməliyik. Bizə hər kəsdən daha artıq mehriban olan, hamıdan daha çox nemət bağışlayan, heç bir səxavət və şəfqət sahibi ilə müqayisə edilməyən bir qüvvə sübh tezdən (və ya gecəyarı) bizi öz görüşünə çağırır. Bu görüşü necə saymazyana qarşılamaq olar? Bu görüşə necə gecikmək və ya necə onu ötürmək olar?
4. Pis yoldaşlardan uzaq durmaq, mömin və əməlisaleh insanlarla durub-oturmaq namaza diqqətli olmağa yardım edir. Dini məzmunlu kitabların mütaliəsi, dini moizələrə qulaq asmaq da bura daxildir.
5. Sübh və gecə namazlarını qaçırmamaq üçün gün rejimini düzgün qurmaq, vaxtında yatmaq, gec yatmamaq kimi sadə təlimatlar da böyük əhəmiyyət daşıyır. Bunlara əməl etməyən şəxslərin namazı qəzaya verməsi tamamilə təbiidir.
6. Daha bir faydalı tövsiyə axşam gec yeməmək, tam dolu qarınla yatmamaqdır. Ümumiyyətlə, dinimizdə az yemək tövsiyə edilir; bunun tibbi faydaları çoxdan sübuta yetib. Xüsusilə, axşamlar mədəni yeməklə doldurmaq ziyandır; bunun həm sağlamlıq baxımından təhlükəsi böyükdür, həm də namazları vaxtında qılmağa mane olur.
7. Sırf dini tövsiyələrə gəlincə, yatmazdan əvvəl “Kəhf” surəsinin son ayəsini oxumaq faydalıdır. Ayədə buyurulur: “De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” Dua kitablarında bu ayəni yatmazdan əvvəl oxuyan şəxsin gecə namazına qalxmaq üçün çətinlik çəkməyəcəyi bildirilir. İmam Sadiqə (ə) aid edilən bir hədisdə buyurulur ki, yatan zaman bu ayəni oxuyan şəxs istədiyi saatda yuxudan oyanar.