İslam tarixiMəqalələr

Həzrət Əlini (ə) gözdən salmaq üçün uydurulmuş hədis (Üçüncü hissə əlavə edilib)

Birinci hissə

Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsən, Hüseyn və Fatimənin (ə) fəzilətləri barədə yüzlərlə hədis həm şiə, həm də sünni mənbələrini bəzəyir. Qeyd deməliyik ki, Əhli-beytin üstünlükləri barədə sünni mənbələrindəki hədisləri, sünni üləmasının bu mövzuda söylədiyi yüksək fikirləri saymaqla qurtaran deyil. Nəinki Əhli-beyti sevən şiəli-sünnili müsəlmanlar, hətta Əhli-beytlə düşmən olan nasibilər belə, tarix boyunca bu müqəddəs zatların fəzilətini etiraf etməyə məcbur olmuşlar. Çünki Allahın hər cür eyibdən təmizləyib pak etdiyi (Əhzab, 33) məsum zatları heç bir nöqsanda ittiham etmək mümkün deyil. Onların uca məqamına və məsumluq zirvəsinə kölgə sala biləcək bircə mötəbər rəvayət belə, tarix səhifələrində qeydə alınmayıb.

Burada “mötəbər” sözünü vurğulamağımızın səbəbi var. Məsələ bundadır ki, bəzi mənbələrdə Əhli-beytə açıq və ya gizli formada irad bildirən rəvayətlərə az da olsa rast gəlirik. Peyğəmbərin nəsli ilə düşmənçilik etmiş, bunun naminə hər cür vasitədən yararlanmış Əməvi və Abbasi xilafətinin muzdurları tərəfindən bu cür qondarma rəvayətlərin uydurulması əslində heç də təəccüblü deyil. Təəccüblü olan bəzi savadlı alimlərin öz kitablarında bu kimi iftiralara yer verməsi və günümüzdə də bəzi insanların həmin yalanlara inanmasıdır. Çox təəssüf ki, dini biliyi yüksək səviyyədə olmayan müsəlmanlar bu cür iftiraları oxuyanda inanırlar.

Aşağıda Həzrət Əliyə (ə) qarşı irəli sürülən əsas iddialardan birinə – guya o həzrətin Fatimeyi-Zəhra (ə) ilə evli olduğu halda Əbu Cəhlin qızına elçi düşməsi barədə rəvayətlərə aydınlıq gətirəcəyik. Həmin rəvayətlərdə guya Əlinin (ə) bu hərəkətlə Fatiməni (ə) incitməsi və Peyğəmbəri (s) özündən narazı salması, sonra peşman olub fikrindən daşınması bildirilir.

Mənbələr

Bu hadisə barədə əhli-sünnənin bir çox mötəbər mənbələrində məlumat verilir. Məsələn, əhli-sünnənin 6 ən məşhur hədis məcmuəsindən beşi bu hadisəni fərqli variantlarda nəql edir. Buxari və Müslim bu mövzuda hər biri 4, Əbu Davud 3, Tirmizi və İbn Macə hər biri 2 hədis vermişlər. Hakim Nişaburinin “Müstədrək”, Əhməd ibn Hənbəlin “əl-Müsnəd” və “Fəzail”, İbn Əbu Şeybənin “əl-Müsənnəf”, Heysəminin “Məcmə əl-zəvaid”, Təbəraninin hər üç “əl-Möcəm”, Müttəqi Hindinin “Kənz əl-ümmal”, İbn Həcər Əsqəlaninin “əl-Mətalib əl-aliyə” kitablarında və başqa əsərlədə bu mövzu bir neçə dəfə xatırlanır.

Ümumi müddəalar

Bütün hədisləri ümumiləşdirərək bunları deyə bilərik:
Hədislərin bir qismində Əlinin (ə) guya Əbu Cəhlin qızı ilə evlənmək təşəbbüsü Əliyə (ə), bəzi hədislərdə isə Əbu Cəhl ailəsinin üzvlərinə aid edilir. Bəzi hədislərdə Peyğəmbərin bu işdən xəbər tutub etiraz etməsi göstərilir, bəzi hədislərdə isə Əli (ə) ilə Əbu Cəhl ailəsinin üzvləri arasındakı söhbət zamanı bu izdivacın uğursuz olacağı və Peyğəmbəri narahat edəcəyi əsas gətirildiyindən sövdələşmənin pozulduğu deyilir.

Bir qrup hədislərə görə, Peyğəmbər Əlinin (ə) məqsədini bildikdən sonra müsəlmanların qarşısında xütbə oxuyaraq öz etirazını bildirmiş, onun qızı ilə bir müşrikin qızının eyni adamla evli olmasını qeyri-mümkün adlandırmışdır. Daha bəzi rəvayətlər isə xəbər verir ki, guya Fatimeyi-Zəhra (ə) atasına bu barədə şikayət etmiş və narazılığını bildirmişdi.

Hədislərdən görünür ki, əhvalat Əlinin (ə) Fatimə (ə) ilə izdivacından, eləcə də, Əbu Cəhlin ölümündən sonra, Peyğəmbərin sağlığında baş vermişdir. Aşağıda izah ediləcək səbəblər üzündən hadisənin hicri 8-11-ci illər arasında baş verdiyi iddia olunur.

Hədisin raviləri kimlərdir?

Hadisəni təsvir edən rəvayətlərin böyük əksəriyyəti Misvər ibn Məxrəmə adlı bir nəfərin dilindəndir. Buxari və Müslimin hədisləri yalnız bu şəxsdən rəvayət edilir. Digər mənbələrdəki hədislərin də böyük əksəriyyətinin sənədi Misvərə gedib-çıxır. Maraqlıdır ki, hətta İmam Zeynül-abidinin (ə) də bu hadisəni Misvərin dilindən eşitdiyi və rəvayət etdiyi söylənilir.

Hədisin başqa mənbələrdəki variantlarının raviləri sırasında Abdullah ibn Abbas (Peyğəmbərin əmisi oğlu), Abdullah ibn Zübeyr, qardaşı Ürvə ibn Zübeyr, Mühəmməd ibn Hənəfiyyə (İmam Əlinin oğlu), Amir Şəbi, İbn Əbu Müleykə, Süveyd ibn Ğəflə və adı bilinməyən bir nəfər Məkkə sakini də vardır.

Bunların sırasında bir neçəsinin rəvayəti ciddi şübhə doğurur. Çünki hədis elmi baxımından onların rəvayəti mötəbər sayıla bilməz. Məsələn, Ürvə ibn Zübeyr, Mühəmməd ibn Hənəfiyyə, Amir Şəbi, Süveyd və İbn Əbu Müleykə bu hədisi Həzrət Mühəmməd Peyğəmbərdən (s) birbaşa nəql edə bilməzdilər, çünki onlar Peyğəmbəri görməmişlər.

Mühəmməd ibn Hənəfiyyə Həzrət Zəhranın (ə) vəfatından sonra İmam Əlinin (ə) Bəni-Hənifə qəbiləsindən olan qadınla izdivacından doğulmuşdu.

Ürvə ibn Zübeyr hicri 19-cu ildə, Ömər ibn Xəttabın hakimiyyəti zamanı dünyaya gəlmişdi.

Amir Şəbi də Ömərin hakimiyyətinin sonuna altı il qalmış doğulmuşdu.

Süveydə gəlincə, onun Mədinəyə gəlişi Peyğəmbərin dəfnindən sonra baş vermişdi.

Hədisin Bəzzaz və Təbərani tərəfindən nəql edilmiş variantlarından bəzisi Abdullah ibn Abbasa əsaslanır. Lakin həmin sənəd zəncirindəki Übeydullah ibn Təmmam adlı ravi rical elmində ciddi şəkildə tənqid edilir. İbn Həcər, Darqutni, Əbu Hatim, Əbu Zürə, Saci, Heysəmi kimi böyük əhli-sünnə alimləri onun özünü zəif və yalançı, hədislərini isə münkər (qeyri-məqbul, rədd edilən) saymışlar.

Hədisin railərindən daha biri olan İbn Əbu Müleykə isə Abdullah ibn Zübeyrin tərəfdarlarından olmuş, onun zamanında qazılıq və müəzzinlik etmişdir. İbn Əbu Müleykə İmam Əlinin (ə) və ya Osmanın hakimiyyəti zamanı anadan olmuş, hicri 117-ci ildə ölmüşdür. Beləliklə, onun da Peyğəmbərdən bilavasitə hədis rəvayət etməsi qeyri-mümkündür. Qeyd edək ki, hədisin fərqli mənbələrdəki bəzi variantlarında İbn Əbu Müleykənin adı Misvər ibn Məxrəmədən sonra çəkilir, yəni o, hədisi Misvərdən rəvayət edir. Ola bilər ki, hədisin İbn Əbu Müleykədən bilavasitə rəvayət edilən variantlarında yanlışlıq baş verib və Misvərin adı hər hansı səbəb üzündən sənəddən düşüb, ondan sonra gələn İbn Əbu Müleykənin adı birinci yerdə qalıb.

Əhməd ibn Hənbəl və Hakim Nişaburi hədisin daha bir fərqli variantını adı məlum olmayan Məkkə sakinindən nəql etmişlər. Bu hədislərdə nə həmin Məkkə sakininin, nə də adı ondan sonra çəkilən Hənzələ adlı insanın şəxsiyyəti məlum deyil. Ona görə də bu cür qeyri-ciddi sənədə malik olan bir hədisə etibar etmək məntiqə uyğun olmaz.

İkinci hissə

Abdullah ibn Zübeyr də yəqin ki hədisi Misvərdən eşitmişdi

Hədisin bəzi variantları Abdullah ibn Zübeyrə istinadən nəql edilir. Əvvəla, bunu qeyd edək ki, Abdullah hicrətin ilk ilində anadan olmuşdu və hadisə zamanı onun 7 yaşı vardı. İkincisi, Abdullahın Əhli-beytə mənfi münasibəti, hətta düşmənçiliyi tarixdə məşhurdur. Cəməl savaşında öz atası Zübeyri Əlinin (ə) əleyhinə qızışdıran, Məkkədə hakim olduğu zaman cümə namazı xütbələrində Peyğəmbərin adını çəkməkdən imtina edən məhz o idi. Abdullah deyirdi ki, Peyğəmbərə salavat deyiləcəyi zaman Əhli-beyt üzvlərinə şərəf gələcək və onlar bununla hörmət qazanacaqlar; amma mən onların xar olmasını istəyirəm, buna görə də Peyğəmbərin adını xütbədə çəkib salavat söyləməyi qadağan edirəm. Üçüncüsü, hədislərdə adı hallanan Misvər Abdullah ibn Zübeyrin yaxın adamlarından və silahdaşlarından idi. O, Abdullahın tərəfində döyüşmüş, Yezidin əsgərləri tərəfindən Məkkə mühasirəyə alınarkən mancanaqlardan atılan daşın zərbəsindən həlak olmuşdu. Ola bilər ki, Abdullah bu qondarma hədisi elə Misvərdən eşitmişdi. Abdullahın rəvayət etdiyi hədisdə bu izdivac əhvalatı üçün uydurulmuş geniş təsvir və süjet xətti yoxdur, məsələ çox qısa şəkildə təsvir edilir. Bu da Abdullahın hədisi Misvərdən eşitmiş olması nəzəriyyəsini qüvvətləndirir. Hər bir halda, bu cür ziddiyyətli məqamda Abdullah ibn Zübeyr kimi Əhli-beyt düşməninin sözünə etibar etmək doğru deyildir.

Bunlardan əlavə, hədisin fərqli variantlarının sənəd zəncirində adları çəkilən Zühri, Vəlid ibn Kəsir kimi Əhli-beyt düşmənləri, Nöman ibn Raşid Cəzəri kimi əhli-sünnənin özünün zəif saydığı ravilər də vardır. Sənəd zəncirlərində daha başqa ciddi problemlər də mövcuddur ki, bunlar barədə geniş müzakirəyə ehtiyac duyulur, lakin məqalənin həcmi buna imkan vermir…

Beləliklə, hədisin sənədini incələyərkən xətlərin əksəriyyətinin Misvər ibn Məxrəmə adlı ravidə kəsişdiyin görürük. Çünki yuxarıda adı çəkilən ravilərin böyük əksəriyyətinin Peyğəmbərdən sonra yaşadığı üçün birbaşa o həzrətdən hədis rəvayət etməsi mümkün deyildir. Bəzi ravilərin isə hədisi Misvərdən eşitməsi ciddi şəkildə ehtimal edilir. Deməli, hədisin fərqli variantlarında (o cümlədən, Buxari və Müslimdə) adı ən çox hallanan və ən çox istinad edilən ravi Misvər ibn Məxrəmədir. Elə isə, kimdir Misvər? Onun hədisinə etibat etmək olarmı?

Misvər ibn Məxrəmə ibn Nofəl ibn Üheyb ibn Əbdimənaf ibn Zührə ibn Kilab ibn Mürrə Qüreyşi. Onun atası Məxrəmə əhli-sünnənin cənnətlə müjdələnmiş səhabələrdən hesab etdiyi 10 nəfərdən (əşəreyi-mübəşşərə) biri olan Səd ibn Əbu Vəqqasın əmisi oğlu idi. Eləcə də, Misvərin özü əşəreyi-mübəşşərənin daha biri olan Əbdürrəhman ibn Avf Zührinin bacısı oğlu idi.

İbn Əsir “Üsüd əl-ğabə” kitabında yazır ki, Osmanın qətlinə kimi Misvər Mədinədə yaşamış, sonra Məkkəyə köçmüşdü. O, Yezidə beyət etməkdən boyun qaçırmış, Abdullah ibn Zübeyrə qoşulmuşdu. Abdullah ibn Zübeyrin tərəfində Məkkəni müdafiə edərkən, Kəbənin yanında namaz qılan zaman mancanaqdan atılan daş ona dəyib ölümcül yaraladı. Misvərin cənazə namazını Abdullah ibn Zübeyr özü qıldı (Üsüd əl-ğabə, 4-cü cild, səh. 365).
İbn Əsakir “Diməşq tarixi”ndə yazır ki, Osman öz evində mühasirədə olan zaman Misvəri Diməşqə – Müaviyənin yanına göndərmişdi ki, onu köməyə çağırsın (İbn Əsakir. Müxtəsər Diməşq tarixi, 24-cü cild, səh. 305).
Mənbələr Misvərin Əhli-beytlə düşmən olan hər üç dəstə ilə – həm Müaviyə ilə, həm Abdullah ibn Zübeyrlə, həm də xəvariclə isti münasibət saxladığını xəbər verir. Ürvə ibn Zübeyrdən rəvayət edilib ki, Misvər nə zaman Müaviyənin adını eşidirdisə, salavat söyləyirdi (Zəhəbi. Siyər əlam əl-nübəla, 3-cü cild, səh. 151; İbn Əsakir. Müxtəsər Diməşq tarixi, 24-cü cild, səh. 308).

Məşhur ədib İbn Qüteybə Dinəvəri “əl-Məarif” kitabında Misvərin Peyğəmbərdən hədis eşitdiyini yazmaqla bərabər, bunu da qeyd edir: “Onu səhabə saymışlar, halbuki, o, səhabə deyildi” (İbn Qüteybə. Əl-Məarif, səh. 429).
Əhli-sünnə məzhəbində mötəbər rical kitablarından sayılan İbn əl-Birrin “əl-İstiab fi əsma əl-əshab” kitabında yazılıb ki, Misvər hicrətdən iki il sonra anadan olmuşdu və Abdullah ibn Zübeyrdən dörd ay kiçik idi. Peyğəmbər vəfat edərkən Misvərin 8 yaşı vardı (əl-İstiab, 2-ci cild, səh. 232).

İbn Əsir də “Üsüd əl-ğabə” kitabında yazır ki, Misvər hicrətdən iki il sonra anadan olmuşdur (Üsüd əl-ğabə, 4-cü cild, səh. 365).

İbn Həcər Əsqəlani də məşhur “Təhzib əl-Təhzib” əsərində Misvərin hicrətdən iki il sonra doğulduğunu təsdiq edir (Təhzib əl-Təhzib, 4-cü cild, səh. 79).

Üçüncü hissə

Altı yaşlı uşaq yetkin sayılırmı?

İbn Həcər Əsqəlani özünün “əl-İsabə fi təmyiz əl-səhabə” adlı digər rical kitabında məsələyə daha da aydınlıq gətirərək yazır ki, Misvərin atası Məxrəmə Məkkənin fəthi zamanı İslamı qəbul etmişdi (əl-İsabə, 9-cu cild, səh. 146). Müəllif əlavə edir ki, Misvər hicrətin 8-ci ili zilhiccə ayında 6 yaşlı uşaq ikən Mədinəyə gəlmişdi (yux mənbə, səh. 204). İbn Həcərin burada Misvəri “əyfə”, yəni “yetkin” adlandırması təəccüblüdür. Çünki 6 yaşlı oğlan uşağının fiziki cəhətdən yetkinliyə, yəni həddi-büluğa çatmadığı şübhəsizdir. Zənnimizcə, İbn Həcər burada sadəcə olaraq hədisin bəzi variantlarında Misvərin öz dilindən verilən ifadəyə istinad etmişdir. Səhihi-Buxaridə Misvər hadisəni təsvir edərək deyir ki, Peyğəmbər Əlinin (ə) Əbu Cəhlin qızı ilə evlənmək istədiyini eşidəndə minbərə qalxıb danışdı və mən o zaman mühtəlim idim. Şəriət ədəbiyyatında mühtəlim olmaq – kişinin bədənindən məni (sperma) çıxmasına deyilir və oğlan uşağının fiziki cəhətdən yetkinlik yaşına çatmasının əlaməti kimi ifadə olunur.

Burada bir paradoksla üzləşirik. Paradoks da bundan ibarətdir ki, burada söhbət Əbu Cəhlin Cüveyriyyə adlı qızından gedir. Amma məsələ bundadır ki, Cüveyriyyə Məkkənin fəthinə kimi müşrik idi və Mədinədə yaşayan İmam Əlinin (ə) onu görməsi və ona elçi düşməsi mümkün deyildi. Cüveyriyyə Məkkənin fəthində müsəlman olmuş, amma hətta bu zaman da bunu məcburiyyət üzündən etdiyini gizlətməmişdi. Deyirlər ki, Məkkənin fəthindən sonra Bilal Kəbənin damına qalxıb azan deyəndə Cüveyriyyə söyləmişdi: “Yaxşı ki, Allah atama rəhm etdi, atam Kəbənin damında Bilalın anqırtısını (!) eşitmədi”. Düşünün, Əli (ə) belə bir əxlaq və əqidə sahibi olan qadınla evlənmək istəyərdimi?

Məkkənin fəthindən sonra Cüveyriyyə Əttab ibn Əsidə ərə getdi və Peyğəmbər vəfat edəndə də Cüveyriyyə Əttabın arvadı idi. Beləliklə, əgər Əlinin (ə) ona elçilik rəvayəti doğrudursa, onda bu hadisə Məkkənin fəthindən dərhal sonra, Cüveyriyyə Əttaba ərə getməzdən əvvəl baş tutmalı idi. Amma bu halda hədisin ravisi Misvərin cəmi 6 yaşında olduğunu qəbul etməyə məcburuq. 6 yaşlı uşağın mühtəlim olması gülünc deyilmi?

Burada bəzilərinin iddia etdiyi və İbn Həcər Əsqəlaninin də haqq qazandırmaq istədiyi nəzəriyyə, yəni fiziki yox, zehni yetkinlikdən söhbət getdiyini düşünmək də yuxarıdakı səbəb üzündən doğru deyil. Bu yaşda uşağın əqli və zehni baxımdan yetkin sayılması qeyri-adi görünür. Əlbəttə, Allahın məsum bəndələrinin – peyğəmbər və imamların nəinki 6 yaşında, hətta beşikdə də zehni yetkinliyə çatması mümkündür. Lakin bu işlər Allahın möcüzəsi sayəsində mümkün olur. Sıravi bir 6 yaşlı uşağın nə ilahi möcüzə, nə də məsumun duası olmadan zehni yetkinliyə çatması və hətta artıq yetkin halda Mədinəyə gəlməsi, yumşaq desək, inandırıcı görünmür.

Şalvarsız lüt gəzən uşağın hədisinə etibar edilərmi?

Aşağıdakı rəvayət əslində Misvərin hansı zehni durumda olduğunu büruza verir. “Səhihi-Müslim”də qeyd edilir ki, bir gün Misvər qucağında daş tutmuş halda gedərkən paltarı cırıldı və ayıb yeri göründü. Amma Misvər daşı əlindən yerə qoymadan lüt halda işinə davam etdi və daşı aparıb öz yerinə qoydu. Bu zaman Peyğəmbər ona buyurdu: “Qayıt və paltarını (şalvarını) geyin, çılpaq halda gəzməyin!” (Səhihi-Müslim, hədis 78 (341)). Möhtərəm oxucu qoy özü nəticə çıxarsın: Əgər bu rəvayət doğrudursa, əynində paltarını (şalvarını) saxlamaq bacarığına sahib olmayan və camaatın qabağında lüt gəzən bir uşağı yetkin saymaq, onun hədisinə etibar etmək nə qədər məntiqə uyğundur?! Nəzərə alaq ki, əgər Misvərin iddia etdiyi kimi Peyğəmbər bu sözləri müsəlman toplumunun qarşısında, xütbə zamanı söyləmişdisə, onu 6 yaşlı uşaqdan savayı niyə demək olar ki heç kim eşitmədi və rəvayət etmədi?

Əli (ə) Əbu Cəhlin on nəfər qohumunu öldürmüşdü

Sonda daha bir məsələni diqqətə çatdırmaq istərdik. Həzrət Əli ibn Əbutalib (ə) Əbu Cəhlin qızına necə elçi düşə bilərdi və yaxud Misvərin bəzi rəvayətlərində deyildiyi kimi Əbu Cəhlin tayfası necə onun qızını Əliyə (ə) ərə vermək fikrinə düşə bilərdi; bir halda ki, bu tayfanın 9 üzvünü Bədr savaşında, bir üzvünü də Ühüd savaşında Əli (ə) öldürmüşdü! Salnamələr xəbər verir ki, Bədr döyüşündə müşriklərdən təxminən 70 nəfər cəhənnəmə vasil oldu. Bunların yarısı məhz Əlinin (ə) qılınc zərbəsindən dünyasını dəyişmişdi. Şeyx Müfid “İrşad” kitabında İmam Əlinin (ə) Bədrdə öldürdüyü müşriklərin sayının 36 olduğunu bildirir və onların hər birinin adını qeyd edir. Bədr savaşında Əbu Cəhlin bir neçə əmisi oğlu və yaxın qohumu, Ühüd savaşında isə daha bir əmisi oğlu İmam Əlinin (ə) qətiyyətli zərbəsi ilə cəhənnəmlik olmuşdu. Belə olan halda, Əli (ə) ilə bu nəsil arasında hansı bağlılıqdan danışmaq olardı?

İmam Əli ibn Əbutalibin (ə) guya Əbu Cəhlin qızı ilə evlənmək istəyi barədə hədislərin uydurma və həqiqətdən uzaq olduğunu təsdiq edən çoxlu sayda başqa dəlillər də vardır. Mövzuya nəticə vuraraq yuxarıda göstərilən sübutlara əsasən deyirik ki, bu rəvayət Müaviyənin pərəstişkarı olan, onun adı çəkilərkən salavat söyləyən Misvər ibn Məxrəmə tərəfindən qəsdən uydurulmuşdur. Məqsəd isə Əməvilər zamanında uydurulmuş digər hədislərdə olduğu kimi Əhli-beytin müqəddəs məqamına kölgə salmaq, insanlarda bu şərəfli nəslə qarşı şübhə yaratmaq və onların düşmənlərinin nüfuzunu bu cür qondarma hədislərin hesabına gücləndirmək olmuşdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button