Bu gecə, Şaban ayının 15-i (bu il martın 8-nə keçən gecə), 12-ci imam – imam Mehdinin (ə) mövlud günüdür.
İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb. Allahın çoxsaylı möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun daha neçə il gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi və onun zühuru baş verəcəyi bəlli deyil. Bəziləri bunun çox tez, bəziləri isə gec olacağını bildirir. Lakin bu Allah dərgahında olan bir sirridir. Həmən Allah ki, zamanın və məkanın fövqündədir. Aləmləri, bütün varlıqları yaradan Allahın vədəsi isə mütləq yerinə yetəcək.
“Xilaskar fəlsəfəsi” bütün səmavi dinlərdə mövcuddur. Lakin İslam bir din olaraq kamil surətdə Allah tərəfində nazil edildiyi kimi, İslamdakı “Xilaskar fəlsəfəsi” də kamil və dürüstdür. Əlbəttə ki, əcdadının meymun olduğuna əmin olan bəşər övladının imam Mehdinin (ə) mövcudluğuna, onun nə vaxtsa zühur edərək haqqı, ədaləti bərqərar edəcəyinə inanmasını düşünmək sadəlöhvlük olardı. Odur ki, bu günün bütün yer əhli üçün eyni əhəmiyyət kəsb etməsini demək olmaz.
Şabanın 15-i bütün ədalətsevən insanların bayramıdır. Şabanın 15-i zülmə təslim olmayanların, başlarını yalnız Allah qarşısında aşağı salanların, əsl insan kimi yaşayanların bayramıdır.
Bu meyarlara uyğun gələn bütün insanları imam Mehdinin (ə) mövlud günü münasibəti ilə təbrik edirik, onlara mübarək zühura şahidlik etmələrini diləyirik!