AktualXəbərlər

DQİDK sədri ABŞ-də “Dinlərarası Qonşuluq Şəbəkəsi”nin həmtəsisçiləri ilə görüş keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində “Dinlərarası Qonşuluq Şəbəkəsi”nin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti, “Nortvud” kilsəsinin baş pastoru Bob Roberts və “Dinlərarası Qonşuluq Şəbəkəsi”nin digər həmtəsisçisi, eyni zamanda “Dallas Müsəlman Cəmiyyəti Mərkəzi” dini təşkilatının imamı Məhəmməd Məcidlə görüşüb.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı və dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər, icmaların sərbəst fəaliyyətinə yaradılan şərait, habelə bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğı ölkəmizdəki yüksək dini-mənəvi mühitin göstəriciləridir. Bu mühitin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətinə toxunan Ramin Məmmədov vurğulayıb ki, müxtəlif dinlər arasında qarşılıqlı anlaşma və etimad Azərbaycanın tolerantlıq modelinin effektivliyini sübut edir.

Görüş zamanı Komitə sədri ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası ilə Dövlət Departamentinin Din Azadlığı Ofisi tərəfindən hazırlanan və Azərbaycan haqqında qeyri-obyektiv informasiyaların yer aldığı hesabatlara da toxunub. Vurğulayıb ki, ölkəmizdəki möhkəm hüquqi baza dini plüralizmi gücləndirərək, geniş spektrli dini icmalara qeydiyyatdan keçməyə və sərbəst fəaliyyət göstərməyə imkan verir. R.Məmmədov görüş iştirakçılarını dini etiqad azadlığının təminatı ilə bağlı real vəziyyəti görmək, birgəyaşayış mühitinin canlı şahidi olmaq üçün Azərbaycana dəvət edib.

Daha çox göstər
Back to top button