AktualXəbərlər

İƏT-ə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri COP29-a hazırlıq barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin qardaş və dost müsəlman ölkələri ilə əlaqələrinin daha da genişlənməsinin əhəmiyyəti, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik prosesi, noyabr ayında keçiriləcək iclasa hazırlıq məsələləri, postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivlərindən, digər regional təhlükəsizlik məsələlərindən ətraflı bəhs olunub.

Nazir Ceyhun Bayramov çıxışında ölkəmizin qardaş müsəlman ölkələri ilə dərin münasibətlərinin əsas prioritetlərdən olduğunu vurğulayıb. Yaxın Şərqdə genişlənən münaqişənin qəbuledilməzliyi, İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və “iki dövlət” prinsipi əsasında həllinin vacibliyi qeyd olunub.

Görüşdə ölkəmizin COP29 Sədrliyi, əsas baxış və prioritetləri, bir sıra istiqamətlər, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi, Paris Sazişinin 6-cı maddəsi, adaptasiya, təsirlərin yumşaldılması, İkiillik Şəffaflıq Hesabatları (BTR), Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC), habelə Sədrliyin fəaliyyət planı barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İslam həmrəyliyinə verilən əhəmiyyətə diqqət çəkərək, ölkələrimiz arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası daxil olmaqla çoxtərəfli əməkdaşlığa verilən önəmi vurğulayıb.

COP29 çərçivəsində ölkəmizin hazırlıq işlərindən danışan Hikmət Hacıyev Sədrliyin “Qlobal Cənub” və “Qlobal Şimal” ölkələri arasında iqlim dəyişikliyi məsələləri üzrə vacib platforma yaratmaq məqsədi daşıdığını bildirib.

Daha sonra görüş sual-cavab sessiyası ilə davam etdirilib.

Daha çox göstər
Back to top button