Dövlət Komitəsinin sədri Lənkərandakı “Şeyx Zahid” ziyarətgahının fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lənkəran rayonu, Şıxəkərən kəndi “Şeyx Zahid” ziyarətgahının fəaliyyəti ilə tanış olub.
Komitə sədri dövlət tərəfindən tolerantlıq ənənələrinin və milli-mənəvi dəyərlərin, qorunub saxlanılması, təbliğ edilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbirlər dini maarifləndirmə işində səmərəliliyi artırmaqla yanaşı, din sahəsində bir sıra problemlərin həllində də mühüm rol oynayır. Dövlətin dini etiqad azadlığının təminatı sahəsində həyata keçirdiyi siyasət öz müsbət nəticəsini verməkdədir.
Ramin Məmmədov, eyni zamanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində işlərin daha səmərəli qurulması üçün dini qurumlar ilə koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, məzhəbçilik zəminində cəmiyyətdə parçalanma yaratmağa çalışan qüvvələrə qarşı dini-ideoloji maarifləndirmə tədbirlərində din xadimləri fəal iştirak etməlidirlər.
Daha sonra rəy və təkliflərini səsləndirən din xadimləri Azərbaycanda ənənəvi İslamın, tarixən formalaşmış dini-mənəvi dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.