Səndən də güclü olana şikayət edərəm
Abbasi xəlifələri Məmunla Mütəsimin zamanında Xorasan valisi Abdullah ibn Tahir idi. Abdullahın atası Tahir və qardaşı Təlhə də vaxtilə Xorasanda valilik etmişdilər. Abdullah xilafətin ən məşhur sərkərdələrindən idi, bir çox təhlükəli qiyamları yatırmağa nail olmuşdu.
Tarix kitablarında Abdullahın Xorasan vilayətini bacarıqla idarə etdiyini yazırlar. Bir ara Xorasan şəhərlərindən Heratda gecə soyğunçuluq edib camaatı incidən dəstə peyda olmuşdu. Abdullah əmr verir ki, əsgərlər bu dəstəni tutub onun hüzuruna gətirsinlər.
Gecə valinin keşikçiləri quldurların toplaşdıqları yerə hücum çəkirlər. Ələ keçirilən quldurları qabaqlarına qatıb aparanda onlardan biri fürsət tapıb qaçır. Əsgərlər valinin qəzəbindən qorxub küçədə rastlarına çıxan birinci adamı tutub quldurlara qatırlar. Sən demə, bu məzlum, işdən evinə qayıdan bir dəmirçi imiş.
Abdullah hüzuruna gətirilən quldurları dindirmədən hökm verir ki, hamısını zindana salsınlar. Biçarə dəmirçini də onlarla birlikdə həbsə atırlar. Dəmirçi bütün gecə boyunca ah-nalə edib bəd-dua oxuyur: “Ilahi, məni bu gecə ailəmdən uzaq zindanda saxlayanı sən də öz evində rahat yatmağa qoyma!”.
Abdullah ibn Tahir həmin gecə yatağına uzanıb yuxuya getməyə hazırlaşır. Gözlərini yuman kimi qəfildən halı dəyişir. Ona elə gəlir ki, sanki zəlzələ baş verir, ətrafda hər şey yırğalanmağa başlayır, evin divarları onun üzərinə gəlir. Bütün gecəni vali səksəkə içində keçirir, bir an da olsa yata bilmir.
Öz-özünə fikirləşir ki, yəqin bunun bir səbəbi var, hansısa günahıma görə Allah məni cəzalandırır. Sübh açılan kimi tabeliyində olan məmurları yanına çağırır, onlardan soruşur ki, dünən haqsız yerə kimi isə incidiblərmi? Zindan rəisi deyir: “Dünən sizin əmrinizlə bir dəstə qulduru mənim zindanıma gətirdilər.
Onların hamısı sakit durmuşdu. Amma aralarından biri bütün gecəni ah-nalə edib deyirdi ki, ilahi, məni ailəmin yanında rahat yatmağa qoymayan kimdirsə, sən də onu bu gecə öz evində rahat yatmağa qoyma!. Kim olduğunu soruşdum. Dedi ki, mən kasıb dəmirçiyəm, səhvən məni tutub bu quldurlara qatıblar”.
Abdullah dərhal dəmirçini yanına gətirmələrini əmr etdi, onu dinlədi, həqiqətən günahsız olduğunu və səhv nəticəsində həbsə atıldığını başa düşdü. Vali dəmirçidən üzr istədi, onu sərbəst buraxıb evinə qaytardı. Ayrılanda isə belə dedi: “Bundan sonra səni kim incitsə, dərhal mənə xəbər göndər”.
Dəmirçi gülümsəyib cavab verdi: “Sənə niyə xəbər göndərim? Məgər dünən məni dinləmədən həbsə atdıran sən deyildinmi?
Mən səndən də güclü olana şikayət edərəm, O da bütün gecəni səni yatmağa qoymaz, səhər isə səni məcbur edər ki, məndən üzr istəyəsən”.