Bu sözlər Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Misir diyarının baş müftisi, nazir Məhəmməd Ayad deyib.
Tolerantlığın, müxtəlif mədəniyyətlərin mövcud olduğu Azərbaycan kimi bir diyarda belə mühüm tədbirin təşkilinə görə təşəkkürünü bildirən Məhəmməd Ayad qeyd edib: “İqlim dəyişikliyi ilə bağlı məsələlərdə səylərimizi birləşdirməliyik. Dinlər müqəddəs məzmununa və tarixinə əsasən insanları müharibəyə, terrora deyil, sülhə, əmin-amanlığa çağırır. Dinlər sivilizasiyaların toqquşmasına qarşıdır. Yanlış nəzəriyyələr müharibələrə, ayrı-seçkiliyə, nifrətə gətirib çıxarır. Biz öz növbəmizdə, ədalətin güclənməsinə çağırışlar edirik. Bizim üzərimizə düşən əsas vəzifə odur ki, ədalətə çağırış etməklə məzlum xalqların üzərindən zülmü götürək”.
Məhəmməd Ayad, həmçinin bütün dinlərin nümayəndələrini birliyə, vəhdətə, əməkdaşlığı gücləndirməyə çağırıb. Deyib ki, bütün bunlar qısa müddətdə hədəfə çatmağa kömək edəcək.