AktualXəbərlər

Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti davam edir

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti davam edir.

Tədbirin ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarına müraciəti oxunub.

Müraciəti Azərbaycanın Baş naziri Əli Əsədov səsləndirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Sammit iştirakçılarını salamlayaraq bütün qonaqlara minnətdarlığını bildirib, COP29 ərəfəsində Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsinin əhəmiyyətindən söhbət açıb, Sammitin məqsədlərindən bəhs edib.

Daha sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüracəti olub. O, dini liderlərin fəaliyyətinin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacib olduğunu söyləyib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos təmsil etdiyi qurum  ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olmasının əhəmiyyətini vurğulayıb. İqlim dəyişikliyi, ekoloji böhranların aradan qaldırılmasında həmrəylik amilinin önəmi barədə danışıb.

Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Əbdülsəlam Abdullətif dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını, bunun dinlərarası dialoqun yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Sammitdə çıxış edən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 – İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb.  Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü, iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş deyib ki, insanları varlıq məqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salan həyata baxış dünyanı fəlakətlərə sürükləyir, qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir.

Müqəddəs Taxt-Tacın Şərq kilsələri işləri üzrə Dikasteriyasının Prefekti Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərək söyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb.

Misir Ərəb Respublikasının vəqflər naziri Osama Elsayed Saad bütün dünyadakı hökumət nümayəndələrinin ətraf mühitin qorunması istiqamətində nümunəvi davranmalı olduqlarını vurğulayıb.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin ekologiyanın qorunması istiqamətində görülən tədbirləri yüksək qiymətləndirərək iqlim probleminin həlli yolunda dini liderlərin birlikdə hərəkət etmələrinin vacibliyindən bəhs edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesajın gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacağını bildirib. Qeyd edib ki, bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin işləməsinə ehtiyac var.

Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarla əlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov vurğulayıb ki, iqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr, ciddi işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi və qorunması çərçivəsində keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti təqdir edilməlidir.

Eyni zamanda sammit çərçivəsində Zati-Müqəddəsləri Moskva və Bütün Rusiya Patriarxı Kirillin, Bütün Gürcüstan Katolikos-Patriarxı II İliyanın, Səudiyyə Vəqflər Naziri Zati-aliləri Əbdülətif Al-Şeyxin və İslam Aləmi Liqasının Baş katibi Zati-aliləri Məhəmməd Əbdülkərim Əl-İssanın Dini Liderlərin Qlobal Sammitinə müraciətləri səsləndirilib.

Misir, Türkiyə, Yunanıstan və digər ölkələrin din xadimləri isə çıxışlarında iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə dini çağırışların əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, “Gülüstan” sarayında keçirilən sammitdə 30-a yaxın ölkədən dini liderlər, ümumən, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən nüfuzlu dini mərkəzlərin başçıları — patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri iştirak edir.

Noyabrın 6-da Sammit öz işini davam etdirmişdir.

Daha çox göstər
Back to top button