Xəbərlər

Dövlət Komitəsində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması ilə bağlı görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq, dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

Görüşdə Komitə sədrinin müşaviri Amil Cavadov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafiə şuralarının üzvü, professor Sevinc Əliyeva, eləcə də Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Professor Sevinc Əliyeva dildən düzgün istifadə qaydaları və normaları, dilimizə yeni daxil olmuş sözlərin işlədilmə formaları barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, Azərbaycan dili mükəmməl qramatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Təəssüf ki, bəzən dilimizin hüdudsuz imkanlarından yetərincə və doğru istifadə edilməməsi halları ilə qarşılaşırıq. Dilimizin milli dəyərlərimizin daşıyıcısı, varlığımızı müəyyən edən əsas mənəvi sərvətlərimizdən biri olduğunu qeyd edən S.Əliyeva hər bir vətəndaşın dildən düzgün istifadə ilə bağlı tələblərə əməl etməsi, Azərbaycan dövlət dilinin qorunması və inkişafına çalışmasının önəmini  vurğulayıb.

Sonda dövlət qulluqçularına nitqin düzgün qurulması ilə bağlı tövsiyələr verilib.

Daha çox göstər
Back to top button