Bakı şəhərinin din xadimləri üçün təlim keçirilib
Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə din xadimləri üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə DQİDK-nın Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov, şöbənin məsləhətçisi Aslan Sultanov, Regionlarla iş üzrə şöbənin əməkdaşı Ramil Baxşəliyev, Bakı regional bölməsinin müdir müavini Amal Məlikov, regional bölmənin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində icra olunan dövlət proqramları və respublikamızın qoşulduğu beynəlxalq təşəbbüslər barədə geniş məlumat verilib. Dini qurumların fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.