Azərbaycan Din Xadimlərinin Forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına ünvanladığınız dərin məzmunlu müraciətə görə Zati-alinizə sonsuz təşəkkürümüzü bildirir, Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə yeni uğurlar arzulayırıq.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi dövlət-din münasibətləri modeli Sizin qətiyyətli siyasi iradəniz sayəsində daha da möhkəmlənmiş, ölkəmizdə bütün dünyaya nümunə olacaq multikultural və tolerant mühit bərqərar olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri dövlətin diqqət, qayğı və himayəsi ilə Konstitusiya və qanunlarda təsbit olunmuş dini etiqad azadlığı hüququndan sərbəst istifadə etmək imkanına malikdir.
Eyni zamanda, ötən dövrdə dövlət-din münasibətlərinin uğurlu inkişafı, etiqad azadlığına təminat yaradan hüquqi mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra uğurlu addımlar atılmış, dövlət tərəfindən dini ibadət yerlərinin bərpası, din xadimlərinin sosial durumunun yaxşılaşdırılması, dini maarifləndirilmə işinin gücləndirilməsi, dini təhsilin inkişaf etdirilməsi, vətənpərvər, yüksək intellektli din xadimlərinin yetişdirilməsi və digər istiqamətlərdə kompleks tədbirlər həyata keçirilmişdir.
Bu həqiqətləri biz, Azərbaycanın din xadimləri daima xüsusi ehtiram, minnətdarlıqla vurğulayır və yüksək dəyərləndiririk. Zati-aliniz əmin ola bilər ki, dövlət tərəfindən göstərilən bu qayğı və ehtiramın qarşılığında din xadimi, ən əsası Azərbaycanımızın sədaqətli vətəndaşları kimi doğma Vətənimizin tərəqqisi naminə Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik.
Dörd il öncə Müzəffər Ali Baş Komandan kimi Sizin müdrik rəhbərliyiniz, xalqımızın sarsılmaz birliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində əldə olunmuş zəfər nəinki Azərbaycanın, bütün regionun tarixində yeni bir səhifə açmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri, yüksək zövqlə bərpa olunan dini-mədəni abidələr, yeni inşa edilən ibadət yerləri xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, ənənələrinə nə qədər möhkəm tellərlə bağlı olduğunun parlaq nişanələridir. Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda, eyni zamanda ölkə hüdudlarından kənarda dini və tarixi abidələrin bərpası məqsədilə həyata keçirdiyi layihələr dövlətimizin dini mənsubiyyətindən asılı olmayaraq bəşəriyyətin ümumi mədəni irsi olan bütün müqəddəs məkanlara eyni qayğıyla yanaşdığını göstərir.
Dünyanın, o cümlədən yaşadığımız coğrafiyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkilik, dini və etnik məzmunlu ziddiyyətlərin dərinləşdiyi, münaqişə və müharibələrin qlobal təhlükəsizliyə ciddi təhdidlər yaratdığı müasir dövrdə mədəniyyətlər və dinlər arasında dialoqa indi həmişə olduğundan daha çox ehtiyac duyulur. Biz, müxtəlif konfessiyaları təmsil edən din xadimləri qürur hissi ilə vurğulayırıq ki, Azərbaycan dövləti mədəniyyətlərin fərqliliyini ayırıcı xətt deyil, əksinə, beynəlxalq münasibətlərin və xalqlar arasında əlaqələrin ahəngdar harmoniyasını yaratmağa imkan verən unikal bir sərvət kimi qiymətləndirir. Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq tədbirlər mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı, hörməti təşviq edən unikal platforma kimi dünya miqyasında qəbul edilir.
Möhtərəm Prezident!
Fürsətdən istifadə edərək doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir və Zati-alinizin doğma Azərbaycanımızla bağlı bütün arzularının reallaşması üçün dualar edirik.
Uca Yaradanın məmləkətimizin üzərində inayəti daimi olsun.
Tanrı Zati-alinizin rəhbərliyi altında bizə yeni nailiyyətlər nəsib etsin!
Amin!