Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında iki cildlik “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimatı keçirilib. Öncə qızılbaşlığın Azərbaycan tarixində rolu haqqında qısa sənədli film, daha sonra Şah İsmayıl Səfəvinin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə müraciət videosu nümayiş etdirilib.
Azərbaycanın elm, eləcə də ictimai sektor nümayəndələrinin iştirak etdiyi təqdimatda AMEA prezidenti akademik İsa Həbibbəyli, ABİA idarə heyətinin sədri Elçin Əsgərov, AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşıırıqlar üzrə səfiri Elşad İskəndərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və başqaları çıxış edərək, ensiklopediya ilə bağlı öz təəssüratlarını, Qızılbaşlığın Azərbaycanın dövlətçilik tarixində, milli kimliyinin formalaşmasında və mədəni intibahında rolu haqda düşüncələrini bölüşüblər.
ABİA idarə heyətinin sədri Elçin Əsgərov öz çıxışında 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediyada Qızılbaş şahları və şeyxləri, Səfəvi xanədanlığı, qızılbaşlığı təşkil edən türkman tayfaları, Səfəvi dövrünün daxili və xarici siyasəti, Qızılbaş inanc və Səfəvi hərbi-siyasi sistemi, qızılbaşlığın təsiri altında Səfəvi dövrü formalaşmış mədəniyyət, incəsənət və din, Qızılbaşlıq haqda tarixi mənbələrlə bağlı məlumatların bu kitabda öz əksini tapdığını bildirib, ensiklopediyanın hazırlanması haqda qısa məlumat verib.
AMEA prezidenti akademik İsa Həbibbəyli Azərbaycan tarixinin iftixar ediləsi səhifələrinin, o cümlədən Qızılbaşlıq tarixinin araşdırılaraq geniş oxucu kütləsinə və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bu sahədə AMEA əməkdaşlarının iştirakından məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov qızılbaşlığın sırf azərbaycanlıların yaratdığı tarixi miras olduğunu, mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin bu dövrdə öz inkişafının pik nöqtəsinə çatmasını və müasir Azərbaycan xalqının formalaşmasında aparıcı rola sahib olduğunu nəzərə çatdırıb.
AMEA Tarix və Etnologiya İnstitutunun Baş direktoru professor Kərim Şükürov qızılbaşlığın Azərbaycan tarixində və tarixşünaslığında xüsusi əhəmiyyət kəsb etdyini bildirərək, bu fenomenin Azərbaycan identikliyini geniş şəkildə işıqlandırmaq baxımından daha çox elmi tədqiqatlara ehtiyac olduğunu vurğulayb.
Digər çıxışçılar öz növbəsində gələcəyə qalibiyyətlə getmək üçün tarixi dəyər və ənənələrə bağlı olmağın, milli kimliyimizin vacib məqamlarını yaşatmağın əhəmiyyətini qeyd ediblər.
“Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi adlar” ensiklopediyası ABİA-nın təşkilatçılığı, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dəstəyi ilə bir il ərzində ərsəyə gəlib və Şah İsmayıl Səfəvinin xatirəsinin 500 illiyinə həsr olunub.