Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyasına yekun vurulub
Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyasına yekun vurulub.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşlarının, eləcə də din xadimləri, müxtəlif dini konfessiya nümayəndələrinin, həmçinin Dövlət Komitəsinin könüllülərinin iştirakı ilə baş tutub. Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, bütün bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyıb.