4 yanvar (3 rəcəb) onuncu İmam Əli Nəqinin (ə) şəhadət gününün ildönümüdür
Onuncu imam Əli Nəqi (ə) hicri 212-ci il zilhiccə ayının 15-də, yaxud həmin ilin rəcəb ayında (miladi 827-828-ci illər) Mədinə şəhərinin yaxınlığında anadan olmuşdur. Atası – doqquzuncu imam Mühəmməd Təqi (ə), anası – Səmanə adlı nubiyalı kənizdir. Məşhur ləqəbləri Nəqi (pak və ya seçilmiş) və Hadidir (yol göstərən, hidayətçi).
Həzrət Nəqi (ə) çox kiçik vaxtdan – cəmi 8 yaşından imamət məsuliyyətini öhdəyə almışdır. O, təqribən 13 yaşına kimi Mədinədə yaşamış, bundan sonra Abbasi xəlifəsi Mütəvəkkilin əmri ilə Samirraya gətirilmişdir (o zamanlar xilafətin paytaxtı Bağdaddan Samirraya köçürülmüşdü). İmam Nəqi (ə) Samirrada daimi nəzarət altında yaşayırdı. Onun guya dövlət çevrilişinə hazırlaşması, buna görə də pul yığıb silah alması barədə Mütəvəkkilə ardıcıl olaraq yalançı xəbərlər çatdırılırdı. Buna görə də İmamın evi dəfələrlə axtarışa məruz qalmışdı; amma hər dəfə evi axtaranlar əliboş qayıtmağa məcbur olurdular.
İmam Əli Nəqi (ə) 6 Abbasi xəlifəsi ilə müasir olmuşdur: Mütəsim (833-842), Vasiq (842-847), Mütəvəkkil (847-861), Müntəsir (861-862), Müstəin (862-866) və Mütəzz (866-869). Bunlardan yalnız Müntəsirin cəmi bir neçə aylıq sürən hakimiyyəti dövründə İmama və tərəfdarlarına münasibət nisbətən müsbət oldu.
İmam Əli Nəqi (ə) Samirra şəhərində təqribən 20 il yaşadı. Hicri 254-cü il rəcəb ayının 3-də (miladi 868-ci il) təqribən 42 yaşında ikən xəlifə Mütəzzin əmri ilə zəhərlədilib şəhadətə çatdı. O həzrəti Samirradakı öz evində dəfn etdilər. Hazırda İmam Nəqinin (ə) və oğlu İmam Əsgərinin (ə) məzarı üzərində böyük məqbərə kompleksi mövcuddur.
İmam Əli Nəqinin (ə) məşhur şagirdləri bunlardır: İmam Həsənin (ə) nəslindən olan və Reydəki məzarı böyük ziyarətgaha çevrilmiş Seyid Əbdüləzim, 180 kitabın müəllifi olan Fəzl ibn Şazan Nişaburi, 30-dan artıq əsər yadigar qoymuş Hüseyn ibn Səid Əhvazi, məşhur ərəb ədibi, Mütəvəkkil tərəfindən işgəncə ilə qətlə yetirilmiş İbn Sikkit və başqaları.