Xəbərlər

Bakı İlahİyyat Kollecinin Gəncədə “Qış məktəbi” təşkil edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yanında Bakı İlahiyyat Kollecinin (BİK) təşkilatçılığı ilə 25-28 dekabr tarixlərində Gəncə şəhərində “Qış məktəbi” baş tutub.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və “Global Media Group”un birgə ərsəyə gətirdiyi “Həmişə bizimləsiniz” filminin nümayişindən sonra açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov tələbələrə uğurlar arzulayaraq, proqramın onların inkişafına böyük imkanlar yaradacağını bildirib və bu fürsətdən maksimum yararlanmağı tövsiyə edib.
BİK-in direktoru Mehman İsmayılov isə “Qış məktəbi”nin Gəncədə təşkil olunmasının əhəmiyyətini vurğulayıb, şəhərin tarixi-dini abidələri ilə tanışlığın və seminarların tələbələrin inkişafına töhfə verəcəyini qeyd edib.
DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri vəzifəsini icra edən Həsən Məmmədov çıxışında ölkəmizdəki multikultural mühitdən danışıb. O, “Qış məktəbi” çərçivəsində keçiriləcək seminar və ekskursiyaların tələbələrin biliklərinin artırılmasına və dünyagörüşlərinin zənginləşdirilməsinə töhfə verəcəyini vurğulayıb. Həmçinin, dövlətin gənclərə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.
Proqram çərçivəsində Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov “Qədim ərəb şeiri və Quranın ifadə üslubunun müqayisəli təhlili” mövzusunda seminar keçib. Məruzəçi klassik mənbələrdən istifadə edərək ərəb poeziyasında Quranda yer alan ifadə üslublarının müqayisəli təhlilini aparıb.
Seminardan sonra tələbələr Gəncədəki “İmamzadə” ziyarət kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyinə ekskursiya ediblər. Eyni zamanda, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Gigiyena və bərpa şöbəsinin müdiri, sənətşünas Zaur Orucov tələbələrə ebru sənətini nümayiş etdirib.
“Qış məktəbi”nin ikinci günü seminarlar və ziyarətlərlə davam edib. Günün birinci yarısında Zaur Orucov “Azərbaycanda xəttatlıq sənətinin tarixi və bu günü” mövzusunda seminar keçirərək İslam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələri barədə məlumat verib. Daha sonra AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “Nizami irsi və onun günümüzdə tanıdılması” mövzusunda seminar keçirib və tələbələrin suallarını cavablandırıb.
Günün ikinci yarısında tələbələr Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası, Gəncə Dövlət Filarmoniyası, “Şah Abbas” məscidi, Cavad xan türbəsi və Heydər Əliyev Park-Kompleksinə ekskursiya edərək abidələrin tarixi barədə məlumat alıblar. Eyni zamanda, iştirakçılar arasında “Dəyərlərimiz” adlı intellektual yarış keçirilib.
“Qış məktəbi”nin bağlanış mərasimində çıxış edən Mehman İsmayılov bu cür layihələrin gənclərin milli-mənəvi dəyərlərimizi daha dərindən öyrənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Daha çox göstər
Back to top button