Xəbərlər

10 rəcəb – 11 yanvar doqquzuncu imam Mühəmməd Təqinin (Cəvadın) doğum gününün ildönümüdür.

İmam Mühəmməd Təqinin (ə) atası – səkkizinci imam Əli Riza (ə), anası – Xeyzüran adlı kəniz idi. Xeyzüran Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşı Mariyeyi-qibtiyyənin qohumlarının nəslindən idi. İmam Mühəmməd Təqi (ə) hicri 195-ci il rəcəb ayının 10-da və ya ramazan ayında (miladi 811-ci il) Mədinədə doğulmuşdur. Məşhur ləqəbləri Təqi (təqvalı) və Cəvaddır (səxavətli).

Atası Imam Riza (ə) vəfat edərkən Onun 8 yaşı hələ tamam olmamışdı. Bununla belə, İmam Təqi (ə) öz elmi, əxlaqı, zəkası ilə zəmanənin böyük alimlərini arxada qoyurdu. İmam Rizanın (ə) şəhadətindən sonra varisinin azyaşlı uşaq olduğunu bəhanə gətirib bununla razılaşmayanların hamısı o həzrətlə söhbətdən və sual-cavabdan sonra səhv etdiklərini anladılar.

Abbasi xəlifəsi Məmun İmam Mühəmməd Təqi (ə) üzərində nəzarəti gücləndirmək üçün Onu Bağdada gətizdirdi. Xəlifə İmamın nüfuzunu aşağı salmaq üçün var gücü ilə çalışırdı. O, həm saray alimlərini, həm də kənardan çağırılmış elm adamlarını İmama çətin suallar verməyə həvəsləndirirdi ki, o həzrət bu sualların cavabından aciz qalıb rüsvay olsun. Lakin İmam Təqi (ə) bütün elmi mübahisələrdən parlaq qələbə ilə çıxırdı.

İmam Mühəmməd Təqi (ə) bir müddətdən sonra Mədinəyə qayıtdı, amma Məmunun ölümünün ardınca hakimiyyətə gəlmiş qardaşı Mütəsim onu yenə Bağdada gətizdirdi (hicri 220-ci ilin mühərrəm ayı – miladi 835-ci il). Bağdadda saray alimləri ilə təşkil edilən bütün elmi müzakirələr İmam Mühəmməd Təqinin (ə) qələbəsi ilə sona çatırdı. Mütəsim İmamın getdikcə artmaqda olan şöhrətindən narahat olub, Onu zəhərlə aradan götürməyi əmr etdi. İmam Mühəmməd Təqi (ə) xəlifə əlaltılarının verdiyi zəhər nəticəsində hicri 220-ci il zilqədə ayının sonuncu günündə (miladi 835-ci il) Bağdadda dünyasını dəyişdi. Onu Qüreyş qəbristanlığında, babası İmam Musa Kazimin (ə) məzarının yanında dəfn etdilər. Hal-hazırda Kazimiyyə (Kazimeyn) adlanan bu yerdə hər iki imamın məzarı üzərində iki günbəzli, dörd minarəli yaraşıqlı məqbərə kompleksi mövcuddur.

İmam Mühəmməd Təqi (ə) ömrünün azlığına və yaşadığı şəraitin çətinliyinə baxmayaraq, dəyərli şagirdlər yetişdirməyə nail olmuşdur. Ondan dərs alan və hədis rəvayət edən şəxslərin sırasında Əhməd ibn Mühəmməd Bəzənti, Fəzl ibn Şazan, Mühəmməd ibn Əbu Ümeyr, Əli ibn Məhziyar, Zəkəriyya ibn Adəm və başqalarının adını qeyd etmək olar.

İmam Mühəmməd Təqi (ə) ən qısa ömür sürmüş imamdır (cəmi 25 il yaşamışdır).

Daha çox göstər
Back to top button