Xəbərlər

13 rəcəb (14 yanvar) İmam Əli ibn Əbu Talibin (ə) mövludunun ildönümüdür

Bu mübarək bayram münasibətilə bütün müsəlmanları səmimi qəlbdən təbrik edirik!

İmam Əli ibn Əbitalib (ə) (598-661) Həzrət Mühəmməd Peyğəmbərin (s) doğma əmisi oğlu, kürəkəni və canişini, birinci imamdır. Qüreyş qəbiləsinin Haşimilər soyuna mənsubdur. Atası Əbu Taliblə Həzrət Mühəmməd Peyğəmbərin (s) atası Abdullah doğma qardaş idilər. Məkkədə, Kəbənin içində doğulmuş yeganə insandır. Məşhur ləqəbləri bunlardır: Əmirəlmöminin, Heydəri-kərrar, Əbu Türab, Mürtəza, Əsədullah, Şahi-mərdan, Şahi-Hələta, Saqiyi-kövsər və s.

Əli ibn Əbu Talib (ə) kiçik yaşlarından Həzrət Mühəmməd Peyğəmbərin (s) evində, onun tərbiyəsi altında böyümüşdür. O, ömründə bircə dəfə də olsa bütlərə pərəstiş etməmiş, tək tanrıya şərik qoşmamışdı. Həzrət Mühəmməd (s) peyğəmbərliyini elan edəndə həyat yoldaşı Xədicədən sonra onun dəvətini qəbul edib müsəlman olan ilk şəxs 12 yaşlı Əli (ə) oldu.

Hicrət gecəsində Əli (ə) Peyğəmbəri öldürmək istəyən sui-qəsdçilərin diqqətini azdırmaqdan ötrü onun əvəzində yatağa uzandı, Məkkəni hamıdan sonra tərk edib Yəsribə (Mədinəyə) gəldi. Peyğəmbər Mədinədə mühacirlərlə ənsarın arasında qardaşlıq əhdi bağlayanda onu özünə qardaş elan etdi. Hicrətin ikinci ilində, Bədr savaşından sonra elçilərin çoxluğuna rəğmən Peyğəmbər öz qızı Fatiməni (ə) Əliyə (ə) ərə verdi.

Əli ibn Əbu Talib (ə) fövqəladə qüvvəsi, möhkəm iradəsi, hərbi bacarığı ilə bütün səhabələrdən seçilirdi. Onun Bədr, Ühüd, Xəndək, Xeybər, Hüneyn savaşlarında göstərdiyi qəhrəmanlıqlar dillər əzbəridir. Xüsusilə Xeybər qalalarının fəthi əksər tarixçilər tərəfindən məhz Əlinin (ə) xidməti kimi dəyərləndirilir. Həzrət Mühəmməd Peyğəmbər (s) onun igidliyini bu cümlə ilə vəsf etmişdir: “Əli kimi igid, Zülfüqar kimi qılınc yoxdur”.

Əli ibn Əbu Talib (ə) iti zəkaya, hərtərəfli biliyə malik idi. Özünün dediyinə görə, Peyğəmbər min elmin qapısını onun üzünə açmışdı, hər qapıdan da daha min elmə şaxələr uzanırdı. Peyğəmbərin: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır” hədisinə uyğun olaraq, Əli (ə) həm Peyğəmbərin sağlığında, həm də onun vəfatından sonra dini və dünyəvi elmlər sahəsində hər kəsdən üstün olduğunu sübuta yetirmişdir. O, Peyğəmbərin vəfatından sonra Qurani-Kərimi ilk dəfə vahid kitab halında toplamış şəxsdir. Ərəb dilinin qrammatikasının (nəhv elminin) əsaslarını məşhur dilçi alim Əbul-Əsvəd Duəliyə sistemli şəkildə öyrədən və bunu yazıya almağı təşviq edən də o olmuşdur.

Əlinin (ə) xütbələri, məktubları və hikmətli kəlamları “Allah kəlamından aşağı, bəşər kəlamından yüksək” dəyərləndirilən “Nəhcül-bəlağə” kitabında cəmlənmişdir.

Əli ibn Əbu Talib (ə) Əhli-beytdən və 14 məsumdan biridir, birinci imamdır. Peyğəmbər öz vəfatından az əvvəl Qədir-Xüm adlı yerdə onu müsəlmanların rəhbəri və özünün canişini elan etmişdi.

Əli (ə) Peyğəmbərdən sonrakı 25 il ərzində hər hansı mühüm dövlət kürsüsündə və ya yürüşə göndərilən qoşunların başında durmasa da, ilk üç xəlifənin yardım xahişini heç zaman rədd etməmiş, bir çox məsələdə onlara dəyərli məsləhətlər vermişdir.

Osman ibn Affanın qətlindən sonra müsəlmanların yekdil rəyinə əsasən Əli ibn Əbu Talib (ə) xəlifə oldu. Lakin qısa müddət ərzində onun ədalətli hakimiyyəti ilə razılaşmayan bəzi qüvvələr müxalifət cəbhəsinə keçdilər. Əvvəlcə Təlhə və Zübeyr Peyğəmbərin xanımı Aişənin yardımı ilə Cəməl savaşını törətdilər (656-cı il). Daha sonra Əli (ə) ilə ona tabe olmaqdan boyun qaçıran Şam valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə irimiqyaslı müharibə baş verdi (656-657-ci illər). Müaviyənin həyata keçirdiyi hiylə nəticəsində baş tutmuş həkəmeyn hadisəsi Əlinin (ə) hakimiyyətini xeyli zəiflətdi. Ordudan ayrılmış minlərlə insan xəvaric (xaricilər) cərəyanının əsasını qoydu. 658-ci ildə baş vermiş Nəhrivan savaşı xəvaricin məğlubiyyəti ilə nəticələnsə də, bu cərəyanın kökünü kəsmək mümkün olmadı.

Əli ibn Əbu Talib (ə) təqribən 4 il 10 ay müddətində xəlifə olmuşdur. Kufə məscidində sübh namazını qılarkən Əbdürrəhman ibn Mülcəm adlı xəvaricdən olan bir sui-qəsdçi zəhərli qılıncla onu səcdə halında ikən başından ölümcül yaraladı. İki gündən sonra dünyasını dəyişmiş İmamın cənazəsi Kufə şəhərinin kənarındakı Nəcəf adlı təpəlikdə dəfn edildi.

İmam Əlinin (ə) övladlarının sayı barədə məlumatlar fərqlidir. Ən məşhur övladları bunlardır: İmam Həsən (ə), İmam Hüseyn (ə), Zeynəb, Ümmi-Gülsum (bunlar Həzrət Fatimə (ə) ilə evlilikdən doğulmuşdular), Əbülfəzl Abbas və Məhəmməd ibn Hənəfiyyə.

Daha çox göstər
Back to top button