Yanvarın 26-sı İmam Musa Kazimin (ə) şəhadətinin ildönümüdür

25 rəcəb – 26 yanvar yeddinci imam Həzrət Musa Kazimin (ə) şəhadətinin ildönümüdür.
O həzrətin atası altıncı imam Cəfər Sadiq (ə), anası Həmidə adlı kəniz idi. Hicri 128-ci il səfər ayının 7-də (miladi 745-ci il) doğulmuşdur. Məşhur ləqəbləri Kazim (Qəzəbini udan), Əbd əs-saleh (Əməlisaleh bəndə), Bab əl-həvaicdir (Ehityacların ödəndiyi qapı).
İmam Kazim (ə) 20 yaşında ikən atası vəfat etmiş, bundan sonra şiə məzhəbi daxilində parçalanmalar baş vermişdir. İmamın qardaşı İsmail hələ atasının sağlığında dünyasını dəyişsə də, onun və oğlu Məhəmmədin imamlığını dəstəkləyənlər az deyildi. Həzrət Kazimin (ə) daha bir qardaşı Abdullah Əftəh də imamət iddiası ilə çıxış etmiş, lakin ətrafına çox tərəfdar toplaya bilməmişdi.
İmam Musa Kazim (ə) Abbasi xəlifələrinin zamanında daim təzyiq altında yaşamışdır. O, xəlifə Mehdinin zamanında (775-785) bir müddət Bağdadda nəzarət altında saxlandıqdan sonra Mədinəyə qaytarıldı. Harun ər-Rəşid (786-809) hakimiyyətə keçdikdən sonra İmam Kazimin (ə) nüfuzundan narahat olmağa başladı. Onun əmri ilə imamı əvvəlcə Bəsrədə, daha sonra Bağdadda həbsə aldılar. İmam Kazimin (ə) saxlanıldığı həbsxanaların rəisləri onun məsum şəxsiyyətini görüb, ona əziyyət verməkdən imtina edirdilər, buna görə Harun ər-Rəşid imamın yerini tez-tez dəyişirdi. Nəhayət, hicri 183-cü il rəcəb ayının 25-də (miladi 799-cu il) Bağdad zindanda imama zəhərli xurma yedizdirib şəhid etdilər. O, Bağdad yaxınlığındakı Qüreyş məzarlığında dəfn edildi; hazırda bura Bağdadın Kazimiyyə məhəlləsi kimi tanınır. (Məhəllənin adı da İmam Kazimin (ə) ləqəbindən götürülmüşdür).
İmam Musa Kazimin (ə) 37 (18-i oğlan olmaqla), yaxud 60 (23-ü oğlan olmaqla) övladı olduğunu yazırlar. Oğullarından İmam Rza (ə) Məşhəddə, “Şahçıraq” ləqəbli Əhməd Şirazda, Səfəvilər nəslinin banisi olan Həmzə Rey şəhərində dəfn olunmuşlar. Qızlarından Həzrət Fatimeyi-Məsumənin Qum şəhərindəki məzarı böyük ziyarətgahdır. Daha bir qızı Həkimə xanımın məzarı Bibiheybətdə yerləşir. “Musəvi” nəsəbli seyidlər İmam Musa Kazimin (ə) övladlarıdır.