Azərbaycanda Xıdır Nəbi bayramı qeyd edildi

Novruzun gəlişinin ilk müjdəçisi Xıdır Nəbi bayramıdır. Bu bayram qərb bölgəsində fevralın 10-dan 11-nə keçən gecə qeyd olunur. Kiçik çillənin sonuncu ongünlüyü bitdikdən sonra yazın müjdəçisi olan Xıdır gecələri başlayır və bir neçə gün davam edir. Əfsanəyə görə, peyğəmbər Xıdır Nəbinin adı ilə bağlı olan həmin gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan yüz illərdir hər il eyni tarixdə sakinlər tərəfindən bayram gecəsi kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri gələn özünəməxsus tarixi adət-ənənələrini bu günədək yaşadırlar. Sakinlər bayramı inanc yeri olan Xan çinarının ətrafına toplaşıb, tonqal yandırmaqla və ağac dibinə şamlar düzməklə keçirirlər. Həmçinin evlərdə şirniyyatlar bişirilir, həyətlərdə tonqallar yandırılır. Bu bayramın özəlliklərindən biri də odur ki, gecə məhz Xıdır Nəbinin simvolu olan qovud bişirilir. Yuxarı Öysüzlü sakinləri qovud adlanan şirniyyat hazırlayırlar. Hazırlanan qovud şirniyyatına isə gün çıxana qədər heç kəs toxuna bilməz. Çünki inanca görə gecə xeyir-dua paylayan Xıdır Nəbi boz atı ilə gəlir, qamçısı ilə qovuta toxunur və payını götürür. Səhər qovutu yoxlayan insanlar Xıdır Nəbinin qamçısının izini axtarırlar, izi görəndə xoşbəxt olurlar. Bu, həmin evin Xıdır Nəbinin xeyir-duasını əldə etdiyini göstərir. Ailə üzvləri qovutu öz aralarında paylaşır və yeyirlər.
İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Mifoloji qəhrəman Xıdır Nəbi bərəkət paylayır. Xıdır Nəbi gecələrinin bayram edilməsi, həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. Elə buna görə də insanlar bir-birini Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlar başlayır.