Xəbərlər

Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

Misirin paytaxtı Qahirə şəhərindəki İslam İncəsənəti Muzeyində Əməvilər, Abbasilər, Fatimilər xilafəti, Məmlüklər, Osmanlı imperiyası, Səfəvilər, Qacarlar və Məhəmməd Əli sülalələri dövrlərinə aid nadir eksponatlar saxlanılır. Muzeydə Qacar xanədanını qurmuş Ağa Məhəmməd Şah Qacarın dövrünə aid artifaktlar da var. Muzeydə bütün ərəb və İslam ölkələrindən gətirilmiş nadir eksponatların arasında VIII əsrə aid müqəddəs Quran nüsxəsi, Məhəmməd Əlinin hökmranlığı illərində hazırlanmış və üzərində gümüş naxışlar olan taxta qapı, qızıl sikkələr də var. Muzeyin əsası 1880-ci ildə Osmanlı canişini İsmayıl Paşa tərəfindən qoyulub.

Muzeyin baş direktoru Dr. Əhməd Siyam AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, rəhbərlik etdiyi muzeydə unikal eksponatlar nümayiş olunur. O bildirib ki, İslam İncəsənəti Muzeyi dünyada bu sahədə ən böyük muzeylərdəndir.

“Muzeyin 25 zalında 100 mindən çox qiymətli artefakt vardır. Misirə aid artifaktlar ilkin İslam dövründən başlayaraq Məhəmməd Əli sülaləsinin illərinə qədər tarixi əhatə edir. Eləcə də, İslam dünyasının müxtəlif yerlərindən əldə edilmiş tibb, astronomiya, digər elm sahələrinə aid eksponatlar, məişət və toxuculuq alətləri, xalçaçılıq nümunələri, qablar, zinət əşyaları və s. nümayiş olunur. Eksponatlarımızdan olan qəbir başdaşlarının ən qədimi hicri 30-cu ilə aiddir”, – deyə Əhməd Siyab bildirib.

Müsahib əlavə edib ki, 2014-cü ildə muzeydə baş vermiş partlayış nəticəsində zərər görmüş eksponatlar bərpa olunub və yeni zal ziyarətçilər üçün açılıb. Silah və sikkə zalında 2500 artifakt sərgilənir. Ən qədim sikkə Əməvi xəlifəsi Əbdülməlik bin Mərvanın adına zərb edilib.

Muzeyin direktoru Azərbaycandakı muzeylərlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını da diqqətə çatdırıb: “Azərbaycan səfiri ilə görüşümüzdə mədəniyyət və elmi mövzularda, eləcə də müştərək sərgi təşkili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ümid edirik ki, Azərbaycan ilə əməkdaşlıq qurulacaq. Azərbaycan xalqını muzeyimizdəki İslam incəsənəti nümunələri ilə tanış etmək istəyirik”.

Daha çox göstər
Back to top button