Azərbaycan – ƏTİT əməkdaşlığının gücləndirilməsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfəri çərçivəsində Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berek Arın ilə görüşüb.
Görüş zamanı Azərbaycan və ƏTİT arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə qida təhlükəsizliyi problemlərinin birgə həll yollarının araşdırılması imkanları müzakirə edilib.
Azərbaycanın donor dövlət kimi beynəlxalq humanitar və inkişafa yardım proqramlarına mühüm töhfələr verdiyini vurğulayan nazir Ceyhun Bayramov, aktual qlobal qida təhlükəsizliyi kimi mühüm çağırışın həlli baxımından qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.
C.Bayramov, həmçinin qida təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu və bu strateji məsələnin daim diqqətdə saxlanıldığını bildirib.
Baş direktor Berek Aren Azərbaycanın qida təhlükəsizliyi proqramlarına verdiyi töhfələrə görə minnətdarlığını bildirərək, ölkənin İƏT çərçivəsində aktiv fəaliyyətini və regional qida təhlükəsizliyinin həllində mühüm rolunu yüksək qiymətləndirib.
Azərbaycanın COP29 sədrliyi zamanı əldə olunmuş nailiyyətlər xüsusilə qeyd edilib. İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə birbaşa təsirlərinin bu istiqamətə xüsusi əhəmiyyət verilməsinin zəruri olduğunu göstərdiyi vurğulanıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti bir daha qeyd edilib.
Bununla yanaşı, ƏTİT-in fəaliyyəti barədə geniş təqdimat edilib.