AzərbaycanXəbərlər

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Martın 18-də Ordubad şəhərində yerləşən XVII əsrə aid Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məscid binası ilə tanışlığın ardınca Ordubad rayonunun axundu Yusif Rüstəmov “Qurani-Kərim”dən ayələr oxuyub.

Səlahiyyətli nümayəndə Cümə məscidinin istifadəyə verilməsi münasibətilə məscidə “Qurani-Kərim” hədiyyə edib, bu əlamətdar hadisənin sülhün, əmin-amanlığın təmin olunması naminə dövlətə, dövlətçiliyə xidmət edəcəyini vurğulayıb.

Axund Cümə məscidinin istifadəyə verilməsini rayonun ictimai həyatında mühüm tarixi hadisə kimi dəyərləndirib, qarşıdan gələn Novruz, Ramazan bayramları münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qeyd edib ki, XVII əsrə aid tarixi-memarlıq abidəsi sayılan Cümə məscidi xalqımıza məxsus ən dəyərli mirasdır. Məscidin bərpası üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə məlumat verilib, Mədəniyyət Nazirliyi, eləcə də bir sıra bərpaçı qurumlarla məsləhətləşmələr aparılıb.

Vurğulanıb ki, Naxçıvanın əvvəlki idarəçiliyinin yarıtmaz fəaliyyəti nəticəsində bir sıra tarixi-mədəni abidələrin, o cümlədən Qarabağlar, Gülüstan türbələrinin, Zaviyə, Cümə məscidlərinin tarixi əhəmiyyətinə ciddi zərər dəyib. Azərbaycan tarixində, mədəniyyətində heç bir təcrübəsi olmayan şirkətlərin apardığı bərpa işləri nəticəsində abidələr ilkin formasını tamamilə itirib.

Səlahiyyətli nümayəndə bildirib ki, Ordubad Azərbaycanın siyasi, mədəni və iqtisadi həyatında mühüm yer tutur. Ordubadlıların Azərbaycan dövlətçiliyində böyük xidmətləri olub. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb, qoruğun sərhədləri müəyyənləşdirilib, ərazidə olan tarixi abidələrin bərpası nəzərdə tutulub. Rayonda yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda bərpasına başlanılacaq.

Qeyd olunub ki, Ordubad şəhərinin Baş planı da hazırlanıb. Ordubad Su Elektrik Stansiyasının əvvəlki dövrdə inşası zamanı layihəsi hazırlanmadığı üçün hazırda tikintisində gecikmələr yaranıb. Yaxın vaxtlarda həmin məsələ də həllini tapacaq. Gələcəkdə Ordubadın Sərşəhər məscidinin də bərpası nəzərdə tutulub. Bərpa-quruculuq prosesində əsas məqsəd əvvəlki dövrdən fərqli olaraq kəmiyyətdən çox, keyfiyyətə önəm verilməsidir.

Daha çox göstər
Back to top button