Quran elmlərinə aid olan “səcavənd” kəlməsi nə deməkdir?

Qurani-Kərimin düzgün oxunuşunu təmin etmək üçün ayələrin üzərində qeyd edilən işarə şəkilli xırda hərflərə səcavənd deyilir. Bu işarələr vəqf (dayanmaq) və vəsl (birləşdirmək, davam etmək) yerlərini, səcdə ayələrini və s. göstərir. İlk dəfə Mühəmməd ibn Teyfur Səcavəndi (vəf. miladi 1165-ci il) adlı alim tərəfindən tətbiq edildiyi üçün, onun adı ilə adlandırılmışdır. İşarələrin əksəriyyəti Quran tilavəti zamanı nəfəs daralması kimi səbəblər üzündən ayələrin ortasında mənanın pozulmaması şərti ilə dayanıb nəfəsi dərmək üçün istifadə edilir. Bəzi işarələr isə, əksinə, dayanıldığı təqdirdə mənanın pozulduğunu göstərir və həmin yerdə dayanmadan oxuyub keçməyi bildirir. Bu işarələrin hökmü qiraət (təcvid) kitablarında və Qurani-Kərim nüsxələrinin axırındakı cədvəllərdə izah edilir.