Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasında “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumların 2024-cü ildə fəaliyyətinin yekunlarına dair” hesabatı təqdim edilib. Bildirilib ki, 2024-cü il ərzində 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın qeydiyyatı ləğv olunub, 60 dini icmanın sənədlərində dəyişiklik edilib. İslam dininə aid ibadət yerləri və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə təşkil olunub, din xadimlərinin attestasiyası keçirilib. Dövlət Komitəsi tərəfindən ehtiyat kadr siyahısından 72 nəfər din xadimi təyin edilib. Bununla da müsahibə yolu ilə təyin olunmuş din xadimlərinin sayı 276 nəfərə (52 nəfər qadın, 224 nəfər kişi) çatıb.
Ümumilikdə il ərzində Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə istiqamətində təxminən 45 min nəfərin cəlb olunduğu 900-dən artıq tədbir təşkil edilib.
Dini fanatizm, radikalizm, ekstremizmin və dini siyasiləşdirmənin qarşısının alınması ilə bağlı 201, tolerantlıq, multikulturalizm, dinlərarası və məzhəblərarası yaxınlaşma ilə bağlı 56, milli-mənəvi dəyərlərin qorunması və gənclərə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı 90, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı 12, tarixi günlərlə bağlı 132, Ramazan bayramı ilə bağlı 28, Məhərrəm ayı ilə bağlı 60 tədbir keçirilib.
Hesabat dövründə ölkəyə idxal edilməsi məqsədilə rəy verilməsi üçün Komitənin Ekspertiza şöbəsinə təqdim edilmiş 3906 adda dini məzmunlu ədəbiyyata baxılıb.