
İmam Cəfər Sadiqin (ə) atası beşinci imam Mühəmməd Baqir (ə), anası isə Əbu Bəkrin nəvəsi Qasim ibn Mühəmməd ibn Əbu Bəkrin qızı Ümmi-Fərvə idi. 702–ci ildə Mədinədə doğulmuşdur, əsas ləqəbi “Sadiq”dir (doğrucul).
Onun imamət dövrü Əməvi və Abbasi sülalələrinin hakimiyyət dəyişikliyi dövrünə təsadüf etmişdir. Əhli-beyt üzərində nəzarətin zəifləməsindən istifadə edən İmam Sadiq (ə) atası İmam Baqir (ə) kimi dini maarifləndirmə ilə ciddi surətdə məşğul olmuş, minlərlə tələbə yetişdirmişdir. Onun tələbələrinin sayının 4 mini ötdüyünü yazırlar. Şeyx Tusi “Rical” kitabında İmam Sadiqdən (ə) hədis rəvayət etmiş 3222 nəfərin adlarını vermişdir. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə onun dərs məclislərini ziyarət edirdilər. İmam Sadiqin (ə) tələbələri arasında kimya elminin qurucusu Cabir ibn Həyyan, kəlam mövzusunda 30-dan artıq kitab müəllifi Hişam ibn Həkəm, “Mömin əl-taq” ləqəbli Mühəmməd ibn Əli ibn Nöman Bəcəli, “Tövhidi-Müfəzzəl” kitabını İmamın diktəsi ilə qələmə almış Müfəzzəl ibn Ömər Cüfi, Əban ibn Təğlib, Zürarə ibn Əyün, qardaşları Həmran və Bəkr, Süleyman ibn Mehran Əməş, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac kimi böyük alimlər vardı. Çox zaman İmam Sadiq (ə), onunla elmi mövzuda mübahisə etmək istəyən şəxslərə bu şagirdlərlə yarışmağı tövsiyə edirdi.
İmam Sadiq (ə) Əməvilərlə Abbasilərin mübarizəsində tərəflərin heç birinə qoşulmamış, Abbasi təbliğatçıları İmamın nüfuzundan istifadə etmək üçün onu öz tərəflərinə çəkmək istəsələr də, o həzrət imtina edib hakimiyyət uğrunda mübarizədən kənara çəkilmişdir.
İmam Sadiqin (ə) səyləri ilə 12 imamçı şiə məzhəbinin (isna əşəriyyə) ideoloji və praktiki əsasları sistemləşdirildi və o həzrətdən sonra şiəliyin bu qolunu cəfəri məzhəbi kimi tanımağa başladılar.
İmam Sadiq (ə) Abbasi xəlifəsi Mənsurun əmri 765-ci ildə zəhərlə şəhid edilmiş, Bəqi məzarlığında, atası İmam Baqirin (ə) qəbrinin yanında dəfn olunmuşdur.
İmam Sadiqdən (ə) sonra böyük oğlu İsmailin (o, İmamın sağlığında gənc yaşlarında vəfat etmişdi) tərəfdarları ismailiyyə təriqətini, digər oğlu Abdullah Əftəhin ardıcılları da fəthiyyə təriqətini yaratmışlar. Cəfəri məzhəbində İmam Sadiqdən (ə) sonra oğlu Həzrət Musa Kazim (ə) imam sayılır.