Azərbaycan və Özbəkistan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistana səfəri çərçivəsində aprelin 30-daÖzbəkistan Respublikası Prezidentinin müşaviri Ruslanbek Davletov, Dini İşlər Komitəsinin sədri Sodik Toşboyev, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Kholiqnazar ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Özbəkistanın sıx dostluq münasibətlərinin əhəmiyyəti, iki qardaş ölkə arasında çoxşaxəli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsi məmnunluqla vurğulanıb. Din sahəsində əlaqələrin daha da genişlənməsi, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi barədə müzakirələr aparılıb.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdəki dini mühit haqqında danışaraq Azərbaycanın dövlət-din münasibətləri modelinin güclü dövlət, vətəndaş kimliyi, milli-mənəvi dəyərlər və multikulturalizm ənənələrinə əsaslandığını bildirib. Qeyd edib ki, bu modelin formalaşmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyevin siyasəti nəticəsində daha da təkmilləşdirilib.
Ölkəmizdə dini sahəyə daim diqqət və qayğı göstərildiyini, heç bir fərq qoyulmadan bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradıldığını deyən Komitə sədri, eyni zamanda Azərbaycanın bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyən, İslam həmrəyliyinə çağırış edən təşəbbüsləri barədə məlumat verib.
Özbəkistan Prezidentinin müşaviri Ruslanbek Davletov bildirib ki, tolerantlığın qorunması, İslam irsinin yaşadılması, gələcək nəsillərə ötürülməsi Özbəkistanda da dövlət siyasətinin prioritet istiqamətlərdən biridir və ölkələrimiz bu məsələyə eyni prizmadan yanaşır.
Dini İşlər Komitəsinin sədri Sodik Toşboyev Azərbaycan və Özbəkistanın multikultural dəyərləri, tolerant mühiti ilə mədəniyyətlərarası dialoqun təkmilləşməsinə zəmin yaratdığını vurğulayıb. İki ölkə arasında dostluq münasibətlərinin inkişafını bütövlükdə İslam həmrəyliyinin təşviqi və möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirib.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Kholiqnazar mənəvi birliyimizin qorunmasının, dini-mənəvi əlaqələrin inkişafının önəmi barədə danışıb.