
Mayın 7-də Müqəddəs Taxt-Tacda yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün konklav (seçki) keçirilir.
AZƏRTAC xəbər verir ki, konklava mərhum Papa Fransiskin rəhbərliyi dövründə Müqəddəs Taxt-Tacın dövlət katibi vəzifəsini icra etmiş italiyalı kardinal Pietro Parolin rəhbərlik edir.
Sikstin Kapellasında başlayan konklavda yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal səs verəcək və verilən hər bir səs yandırılacaq. Namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfəyədək səs verəcəklər. Yeni Papanın seçilməsi üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyac olacaq.
Sikstin Kapellasının damında quraşdırılan bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək. Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara rəngdə olacaq. Əgər Papa seçilərsə tüstünün rəngi ağ olacaq və kilsə zəngləri çalınacaq.
Namizədlər arasında italiyalı kardinal Pietro Parolin, macar kardinal Peter Erdo, Birləşmiş Ştatlardan kardinal Raymond Leo Burke, italiyalı kardinal Matteo Zuppi, filippinli kardinal Luis Antonio Qokim Taqle, italiyalı kardinal Pierbattista Pizzaballa, qanalı kardinal Piter Turkson, fransız kardinal Jan Mark Avelin, isveçli kardinal Anders Arborelius, qvineyalı kardinal Robert Sarah, maltalı kardinal Mario Qrex, Konqo Demokratik Respublikasından olan kardinal Fridolin Ambonqo Besunqu, ABŞ-dan olan kardinal Timoti Dolan və amerikalı kardinal Robert Frensis Prevostun adı çəkilir.