AzərbaycanXəbərlər

ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII beynəlxalq konfrans keçirilib

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Konfransın açılışında universitetin rektoru akademik Kamal Abdulla çıxış edərək hər il ADU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildiyini deyib.

Ankara Universitetinin rektoru Necdet Ünüvar konfransın təşkilini yüksək qiymətləndirib. İlk dəfə olaraq ADU-da açılacaq Tömər layihəsi ilə bağlı məlumat verən rektor bu addımın konfrans çərçivəsində atılan ən vacib hadisələrdən biri olduğunu vurğulayıb.

Pakistan Milli Müasir Dillər Universitetinin rektoru general-mayor Şahid Mahmud Kayani konfransda iştirakı ilə bağlı məmnunluğunu ifadə edib.

Peruca Əcnəbilər Universitetinin rektoru Valerio de Cesaris qeyd edib ki, konfrans özlüyündə həm elmi, həm də mədəni tərəfləri birləşdirir.

Tədbirə onlayn qoşulan Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Vulf konfransla bağlı fikirlərini səsləndirib.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkə arasında olan sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələrdən danışıb, konfransı elm adamları və tələbələr üçün mühüm imkan kimi dəyərləndirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Özbəkistan Dünyəvi Dillər Universiteti Pedaqogika və psixologiya kafedrasının müdiri Dusmurod Djuraev, Özbəkistan-Finlandiya Pedaqoji İnstitutunun tədris işləri üzrə prorektoru Zarifa Muminova, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının sədr müavini Marek Jozey, Varşava Universitetinin professoru Danuta Chmelovskaya, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy (Smirnov), Arizona Dövlət Universitetinin məsləhətçisi və ictimai siyasət eksperti Jannah Skott, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili konfransa olan beynəlxalq səviyyəli maraqdan danışıblar. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, ADU-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən konfransın ənənəvi olaraq keçirilməsi dünyanın elmi və mədəni mühitinin diqqətinin ölkəmizə cəlb olunması baxımından vacib addımdır. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müxtəlif etnik və dini icmaların dinc birgəyaşayışının təmin edildiyi bir ölkə olaraq formalaşdı. Ulu Öndər hər zaman vurğulayırdı ki, Azərbaycanın gücü onun müxtəlifliyindədir. Bu gün Azərbaycan ərazisində 30-dan çox etnik azlıq sülh və əmin-amanlıq şəraitində yaşayır. Hər bir xalqın mədəniyyəti, dili və dini sərbəst şəkildə qorunur və inkişaf etdirilir. Bu yanaşma dövlət səviyyəsində multikulturalizmin bir dəyər kimi qəbul edilməsinin bariz nümunəsidir.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Daha çox göstər
Back to top button