AzərbaycanXəbərlər

Bakıda cəmiyyətdə nümunəvi ailə modelinin təşviqi üçün gənclərin məsuliyyətinin artırılması müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda açıq dərs keçirilib.

Tədbir çərçivəsində həmçinin “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə“ adlı sərginin nümayişi və tələbələr arasında təşkil olunan ailə dəyərləri ilə bağlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması da həyata keçirilib.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında bildirib ki, bu format bir ilkdir və tədbirin təşkilində məqsəd ailə dəyərlərinin qorunması və təbliği, ailə institutunun inkişafı, eləcə də cəmiyyətdə nümunəvi ailə modelinin təşviqini təmin etmək üçün gənclərin üzərinə düşən məsuliyyətin artırılmasıdır.

Qeyd edək ki, açıq dərsdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, deputatlar, media, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha çox göstər
Back to top button