Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə mayın 29-da Türkiyədən və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil ediləcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Türk Şəhidliyi abidəsini ziyarət edəcək, həmçinin Bakıda yerləşən ibadətgahların fəaliyyəti ilə tanış olacaq.
Bundan başqa, din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfəri də planlaşdırılır. Belə ki, onlar Ağdam rayonunda yerləşən Cümə məscidini və Ağdam İmarət Kompleksini, Şuşanın Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı məscidlərini və digər tarixi abidələri ziyarət edəcəklər.
Otuzdan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər iyunun 2-dək davam edəcək.