AzərbaycanXəbərlər

Bakıda “Azərbaycanda Xristianlıq: Tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda Xristianlıq: Tarix, müasir dövr, perspektivlər” mövzusunda tədbir keçirilib.

Dəyirmi masa formatında keçirilən tədbirdən öncə fotosərgi nümayiş olunub.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnovun moderatorluğu ilə keçən tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən heç bir dini icma ayrı-seçkiliyə məruz qalmayıb: “Dini, etnik zəmində hadisə baş verirsə, dini icmalar dərhal müdaxilə edirlər. Azərbaycan tolerantlıq ölkəsi, multikultural dəyərlərin qorunub saxlandığı ölkədir. Tədbirimizə dəyirmi masa formatında başladıq. Bu tədbir daha geniş auditoriyalarda, regionlarda elmi konfranslar formatında keçirilə bilər”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib ki, Azərbaycan xristian, yəhudi və digər dinlərdən olan millətlər yaşayır və sevincini də, dərdini də bir-biri ilə bölüşürlər: “Bu millətlər bura bağlıdır. Dini qardaşlığımız səmimiyyət üzərində formalaşıb. Allah-taala bu dostluğu, qardaşlığı əbədi eləsin”.

Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev Azərbaycanın multikulturalizm dəyərlərindən, bu dəyərlərin yaşadılmasının önəmindən danışıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov xristian icmalarının tarixi, hazırkı həyatı, pravoslav və katoliklərin yaşayışından söz açıb. Qeyd edib ki, bütün xristianlar Azərbaycan xalqının birliyi adına fəaliyyət göstərirlər: “Bu torpaqda yaşayan xalqlar multikultural ruhda birgə aksiyalar, tədbirlər keçirə bilirlər. Bugünkü tədbirdə Azərbaycan ictimaiyyətində ənənəvi dəyərlərin təbliği istiqamətində qarşılıqlı fəaliyyətimizi müzakirə edəcəyik”.

Azərbaycanda Rus Pravoslav Kilsəsinin tarixi haqqında videoçarx təqdim olunub.

Daha sonra tədbir məruzələrlə davam edib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnovun, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilinin, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marekin, Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilovun, Azərbaycanın Yevangelik-Lüteran icmasının nümayəndəsi Vera Nesterovanın məruzələri dinlənilib.

Daha çox göstər
Back to top button