AzərbaycanXəbərlər

1282 il öncə tikilən Şamaxı Cümə məscidi – tarixin səssiz şahidi

Şamaxı Cümə məscidi Qafqazın ən qədim məscidlərindən biri və İslam dünyasının dəyərli abidəsidir. Burada keçmişlə gələcək, imanla sənət bir araya gəlir.

743-cü ildə inşa olunan bu müqəddəs məkan çoxsaylı zəlzələlərə və tarixi sınaqlara baxmayaraq, günümüzədək gəlib çatıb. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlərdə zərər görsə də, bərpa edilərək yenidən istifadəyə verilib.

1918-ci ildə isə erməni daşnak dəstələrinin törətdiyi dəhşətli qətliam burada minlərlə günahsız insanın həyatına son qoydu. Məscid bu acı hadisənin səssiz şahididir…

1980-ci ildə Ulu Öndər Heydər Əliyev, 2009-cu ildə isə Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər nəticəsində bu dini abidə yenidən əvvəlki ehtişamına qovuşub. 2013-cü ildə başa çatan bərpa işlərindən sonra məscid həm tarixi abidə, həm də ziyarət və mədəniyyət məkanı kimi ziyarətçilərin üzünə açılıb.

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində məsciddə aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat verib.

Məscidin günbəzləri milli naxışlarla bəzədilib və gözoxşayan estetikası ilə diqqət çəkir. İki tərəfdə ucalan 36 metrlik minarələr bu məbədin əzəmətini daha da artırır. Ziyarətçilər burada qədim mədrəsə və hücrələrin izlərini görə, dini və elmi irsin canlı izlərinə şahid ola bilərlər.

Şamaxı Cümə məscidi təkcə bir ibadətgah deyil, o, Azərbaycan xalqının ruhunu, tarixi dözümlülüyünü, memarlıq estetikası və dini tolerantlığını özündə cəmləyən mədəniyyət mərkəzidir. Şamaxı Cümə məscidi sadəcə bir tikili deyil, bu, mədəniyyətin, müqavimətin və mənəviyyatın mərkəzidir.

Daha çox göstər
Back to top button