24 zilhiccə – mübahilə gününün ildönümüdür

Hicrətin 9-cu ilinin sonlarında (miladi 631-ci il) Yəmənin Nəcran bölgəsində yaşayan xristianların nümayəndə heyəti Mədinəyə gəldi ki, Həzrət Mühəmməd Peyğəmbərlə (s) görüşüb, onun həqiqətən peyğəmbər olub-olmadığını yoxlasınlar. Allah Rəsulu qeyri-müsəlmanlarla bütün görüşlərində olduğu kimi, bu dəfə də Nəcran xristianlarını İslama dəvət etdi, Həzrət İsa Peyğəmbərin (ə) Allahın oğlu deyil, bir insan və peyğəmbər olduğunu bildirdi. Amma nümayəndə heyətində olanlar Onunla razılaşmadılar və öz əqidələrinin doğru olduğunu isbat etmək üçün çalışmaqda davam etdilər. Bu zaman Allahın Rəsulu onlara təklif etdi ki, hansı tərəfin haqq olduğunu aydınlaşdımaq üçün mübahilə etsinlər.
Mübahilə ərəb dilindən tərcümədə “lənətləşmə” deməkdir. Mübahilə hər hansı məsələ üstündə mübahisə edən tərəflər arasında aparılır. Tərəflər təyin edilən vaxtda qarşılaşır və Allah dərgahina xüsusi dua ilə yalvarırlar. Bu zaman onlardan hər biri Allahdan istəyir ki, hansı tərəf nahaqdırsa, ona dərhal bəla göndərsin. Bu, bir-birinə təslim olmaq istəməyən və öz fikrini inadkarlıqla müdafiə edən iki tərəfin həqiqəti üzə çixarmaq üçün əl atdığı sonuncu üsuldur.
Nəcran xristianları bu təkliflə razılaşdılar. Mübahilə ertəsi günə – zilhiccə ayının 24-ə təyin olundu. Bundan sonra xristıanlar öz aralarında məsləhətləşib belə qərara gəldilər ki, sabah Peyğəmbərin mübahiləyə kimlərlə gələcəyini gözləsinlər. Əgər Peyğəmbər öz səhabələri və tərəfdarları ilə gələrsə, qorxmadan Onunla mübahilə etsinlər. Yox, əgər O, yalnız ailə üzvləri və ən yaxın qohumları ilə gələrsə, onda mübahilədən imtina etsinlər. Çünki bu halda Onun həqiqi peyğəmbər olduğu bilinəcək. Peyğəmbər bu cür təhlükəli hallarda ən yaxınlarını özü ilə gətirər, yad insanları təhlükə altina salmaz.
Ertəsi gün Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Hüseyni (ə) qucağına almış və İmam Həsənin (ə) əlindən tutmuş halda mübahilə yerinə gəldi. Onun ardınca qızı Fatımeyi-Zəhra (ə), əmisi oğlu, həm də kürəkəni Əli ibn Əbu Talib (ə) addımlayırdılar. Peyğəmbər təyin olunmuş yerə çatandan sonra Əhli-beytinə dedi: “Mən dua edəndə siz amin deyərsiniz”. Nəcranlılar bu mənzərəni görəndə dəhşət içində mübahilədən imtina etdilər, Peyğəmbərdən üzr istəyib, Onunla cizyə (vergi) müqaviləsi bağladılar və öz vilayətlərinə qayıtdılar.
Bu münasibətlə Allah-təala aşağıdakı ayəni nazil etdi: “Sənə verilən elmdən sonra Səninlə mübahisə edənlərə de: “Gəlin, biz də oğullarımızı, siz də oğullarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də nəfslərimizi, siz də nəfslərinizi çağıraq. Sonra dua edib, yalançılara Allahın lənət etməsini diləyək!” (Ali-İmran, 61).
Mübahilə olayı Əhli-beytin fəzilətlərinin ən parlaq sübutlarından biri sayılır. Çünki Peyğəmbər bu ağır və təhlükəli məsələdə məhz onların köməyinə arxalanmış, öz duasına onların amin deməsini istəmişdi. Ayədəki “oğullarımız” kəlməsi İmam Həsənlə İmam Hüseynə (ə), “qadınlarımız” kəlməsi Həzrət Fatiməyə (ə), “nəfslərimiz” sözü isə İmam Əli ibn Əbu Talibə (ə) işarədir. Sonuncu kəlmə ərəb dilində həm “bir şeyin özü”, həm də “can” mənasını verir. Hər iki mənada qəbul edildikdə, bu kəlmənin Əli (ə) üçün böyük bir fəzilət olduğunu görürük. Yəni bu ayədə Əli ibn Əbu Talib (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) ya özünə bərabər tutulub, ya da Onun canina bənzədilib.
İslamın ilk dövrlərində yaşamış bir çox məşhur şəxsiyyətlər mübahilə ayəsinə Əhli-beytin üstünlüyünün sübutlarından biri kimi baxırdılar. Hətta bəzi səhabələr, Müaviyə onları Əhli-beyti təhqir etməyə məcbur edərkən, həmin ayəyə əsaslanaraq bu çirkin günaha bulaşmaqdan imtina edirdilər (Səhihü Müslim, Səhabələrin fəzilətləri kitabı, Əli ibn Əbu Talibin fəzilətləri babı (50-ci töhfə), 6220-ci hədis; burada Səd ibn Əbu Vəqqas Əli ibn Əbu Talibi (ə) söymək barədə Müaviyənin təklifini rədd edərkən, mübahilə ayəsini misal çəkir).
Əhli-sünnə alimlərindən bir çoxu öz əsərlərində mübahilə ayəsinin nazil olma əhvalatını təsvir etmişlər. Bu məsələni bircə hədislə də olsa, qeyd etmiş məşhur əhli-sünnə alimlərinin sayının 60-ı ötdüyünü yazırlar (bax: Hakim Nişaburi. Əl-Müstədrəkü ələs-Səhiheyn, III, 176 (4782-ci hədis); Əhməd ibn Hənbəl. Müsnəd, I, 185; İbn əl-Əsir. Üsüdül-ğabə fi mərifətis-səhabə, IV, 25-26; Hakim Həskani. Şəvahidüt-tənzil, I, 155-166 (168-cidən 176-cıya kimi hədislər); İbn Səbbağ Maliki. Əl-Füsulül-mühimmə fi mərifəti əhvalil-əimmə, s. 23-24 və s. mənbələr).
Bunlardan əlavə, məşhur müfəssirlər Təbəri, Qürtübi, Fəxrəddin Razi, Carullah Zəməxşəri, Qazi Beyzavi, Cəlaləddin Süyuti, Alusi və başqaları öz təfsirlərində mübahilə hadisəsinin təsvirini vermiş və bu ayənin məhz Həzrət Mühəmməd Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə) barəsində nazil olduğunu etiraf etmişlər.
İslam tarixində bəzi şəxslər bundan sonra da mübahilə üsulundan istifadə etmiş və özlərinin haqlı olduqlarını bu yolla sübuta yetirmişlər. Məsələn, aşura günündə İmam Hüseynin (ə) qoşunundan olan Büreyr ibn Xüzeyr Həmdani ilə qarşı tərəfdən Yəzid ibn Məqil, Harun ər-Rəşidin hüzurunda İmam Həsənin (ə) nəticəsi Yəhya ilə ona iftira atmış Mədinə valisi Bəkkar Zübeyri mübahilə etmişlər. Hər iki halda haqlı tərəf qalib çıxmış, o biri tərəf isə qısa müddət ərzində həlak olmuşdur.