Azərbaycan İlahiyyat İnstitutunda Məzun günü keçirilib

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2024/2025-ci tədris ili üzrə Məzun günü keçirilib.
Tədbiri giriş sözü ilə açan Aİİ rektoru Aqil Şirinov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dini sahəyə diqqətinin təzahürü olaraq yaradılan ali təhsil müəssisəsinin fəaliyyəti, qarşıya qoyduğu hədəf və məqsədləri barədə geniş məruzə edib. İnstitut rəhbəri qeyd edib ki, Aİİ yarandığı gündən etibarən din sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində səylə çalışır. Məqsədimiz dini sahədə bilikli, savadlı, məntiqi təfəkkürü güclü, milli-mənəvi dəyərlərimizə sadiq, xalqımızın mənafeyini qoruyan vətənpərvər kadrlar hazırlayaraq ölkəmizdə tolerant, multikultural mühitin qorunmasına töhfə verməkdir. Aqil Şirinov daha sonra qeyd edib ki, 2024/2025-ci tədris ili üzrə 48 bakalavr, 8 magistr tələbə məzun olub. İndiyədək ali təhsil müəssisəsindən 221 tələbə məzun adını qazanıb. Məzunların işlə təminolunma məsələsinə diqqət çəkən rektor vurğulayıb ki, onlar məscidlərdə imam, imam müavini, dini ayinlərin icrası kimi vəzifələrdə çalışır, bir qismi isə dövlət müəssisələrində fəaliyyət göstərir. Aİİ rektoru, həmçinin peşəkar kadrların hazırlanması məqsədilə ali təhsil müəssisəsinin xarici ölkələrin dini sahədə tanınmış universitetləri ilə yaxından əlaqələr qurduğunu da diqqətə çatdırıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin sədr müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və b. iştirak etmişlər
Tədbirdə çıxış edən məzunlar Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.
Çıxışlardan sonra İnstitutu yüksək göstəricilərlə başa vuran məzunların və fərqlənən İnstitut əməkdaşlarının təltif edilməsi mərasimi keçirilib.
Məzun Günü proqramı çərçivəsində İslam incəsənəti dərnəyi sərgisi nümayiş olunub, Aİİ-nin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib, I kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilavəti səsləndirilib.