DünyaXəbərlər

Odessada böyük məscid tikilir

Odessada Azərbaycan adına, dinimizin təbliği, inanclı insanların rahatlığı baxımından daha bir böyük layihə həyata keçirilir. Şəhərin mərkəzindən cəmi bir neçə kilometr məsafədə yerləşən Ukraynanın ən böyük məscidlərindən biri tikilir. “Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Şamil Quliyevin təşəbbüsü ilə tikilən məsciddə artıq son tamamlanma işləri aparılır.

Məsciddə kişi və qadınların namaz qılmaları, dua etmələri üçün ayrıca zallar, qonaq din xadimlərinin ailələri ilə birlikdə gecələmək üçün qonaq evi, mərasim zalı və digər yerlər olacaq. Məscidin ümumi sahəsi 2758 kvadratmetr, məscidin binasının sahəsi isə 878 kvadratmetr, “Qonaq evi”nin sahəsi isə 196 kvadratmetrdir.

“Birlik” Təşkilatının İdarə Heyətinin üzvü Ayaz Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Odessa vilayətində 30 mindən çox azərbaycanlı yaşayır. “Müharibə şəraitinə baxmayaraq, soydaşlarımızın Odessa şəhəri və vilayətində aktiv fəaliyyətləri mövcuddur. Bu fəaliyyətin davamı kimi hazırda “Azərbaycan” parkı salınır. Bu parkda Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi təqdim olunacaq. Soydaşlarımızın ən böyük layihələrindən biri isə Ukraynanın ən iri məscidlərindən birinin tikintisidir. Bu məscid Odessada yaşayan bütün müsəlmanların xidmətinə veriləcək”.

Daha çox göstər
Back to top button