AzərbaycanXəbərlər

Azərbaycan Qahirədə beynəlxalq konfransda təmsil olunub

Ərəb Dövlətləri Liqasının Baş Katibliyinin mənzil-qərargahında “İslamofobiya: hazırkı qlobal kontekstdə konsepsiya və təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Ərəb Dövlətləri Liqasının, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), ərəb ölkələri səfirliklərinin nümayəndələri, əl-Əzhər Universitetinin rektoru və Qibti Pravoslav Kilsəsinin təmsilçiləri iştirak ediblər. Konfransda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil edib.

Tədbirdə islamofobiya təzahürünün yaranması və yayılması səbəbləri, onun ictimai təhlükəsizliyə təsiri, dialoqun əhəmiyyəti, islamda birgəyaşayış və qlobal sülh mövzuları müzakirə edilib. Eyni zamanda, islamofobiya ilə mübarizədə təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və beynəlxalq əməkdaşlığın rolu, həmçinin islamofobiya və nifrət nitqi ilə mübarizənin mümkün yolları barədə danışılıb.

R.Həsənov diqqətə çatdırıb ki, bu ilin avqustunda ICESCO və Qərb ölkələrindən olan tərəfdaşlarla birgə Azərbaycanda Gənclər Forumu təşkil olunacaq. 30-dan çox ölkədən 100-ə yaxın gəncin bir araya gələcəyi forumun əsas məqsədi islamofobiya, ayrı-seçkilik və nifrət nitqi ilə mübarizə mövzusunda müzakirələr aparmaq və bu mövzularda müvafiq təlimlər təşkil etməkdir.

Daha çox göstər
Back to top button