Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏTGF) Avrasiya Regional Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və İƏTGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov imzalayıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Azərbaycanda həyata keçirilən gənclər və təhsil siyasəti, milli-mənəvi dəyərlərin qorunması, BDU-nun bu prosesdə rolu barədə məlumat verilib, İƏT, eləcə də bu quruma bağlı olan İƏTGF və onun Bakıda beynəlxalq təşkilat kimi diplomatik statusla fəaliyyət göstərən Avrasiya Regional Mərkəzinin gənclərin inkişafı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edilib. Müzakirələrdə İƏTGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə 2011-ci ildən etibarən hər il keçirilən İƏT Modeli və Debat Çempionatları layihələrinin əhəmiyyətindən, onların gənclərdə liderlik qabiliyyətlərinin gücləndirilməsində oynadığı roldan danışılıb.
Mərkəzin İdarə Heyətinin sədri Elçin Əsgərov rektor Elçin Babayevə BDU tərəfindən adıçəkilən layihələrə daim göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, universitet tələbələrinin müxtəlif ölkələrdə keçirilən İƏT Modeli beynəlxalq sammitlərində xüsusi istedad və bacarıqları ilə fərqləndiklərini, yarışlarda finalçılar sırasında olduqlarını diqqətə çatdırıb.
Bununla yanaşı, BDU ilə İƏTGF Avrasiya Regional Mərkəzi arasında yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsi mümkün olan layihə və təşəbbüslər müzakirə edilib, memorandum çərçivəsində reallaşdırılması nəzərdə tutulan fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb.
