ICESCO-nun regional ofisində ilk seminar keçirilib

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığa həsr olunmuş ilk seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 2025-ci il aprelin 29-da açılan ICESCO-nun Bakıdakı regional ofisinin əsas vəzifəsi Qafqaz və Mərkəzi Asiya ölkələri – Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan arasında əməkdaşlığın koordinasiya edilməsidir.
Bu region Böyük İpək yolundan qeyri-maddi irs ənənələrinin müxtəlif nümunələrinə qədər nadir mədəni sərvətə malikdir və qlobal mədəni məkanın formalaşmasında mühüm rol oynamağa qadirdir.
Tədbiri giriş sözü ilə açan ICESCO-nun Bakıdakı regional ofisinin direktoru Abdulhakeem Al-Senan seminar iştirakçılarını salamlayıb. O, bu tədbirə töhfə verənlərin hər birinə təşəkkürünü bildirib.
O, çıxışında vurğulayıb ki, Bakıdakı regional ofis ICESCO-nun Qafqaz və Mərkəzi Asiyada mövcudluğunu gücləndirmək, eləcə də üzv dövlətlər arasında daha sıx əməkdaşlığa kömək etmək məqsədilə yaradılıb.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, ICESCO-nun beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov, ICESCO-nun Bakıdakı regional ofisinin direktor müavini Məryəm Qafarzadə və b. çıxış ediblər.
Daha sonra seminar panel müzakirələri ilə davam edib. İştirakçı ölkələrin nümayəndələri təcrübə və fikir mübadiləsi aparıb, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üzrə öz təkliflərini irəli sürüblər.
Seminar iştirakçıları regional tərəfdaşlığın gücləndirilməsi üçün konkret təşəbbüslər irəli sürərək, ümumi məqsədlərə nail olmaq üçün sıx qarşılıqlı fəaliyyətin və birgə səylərin vacibliyini vurğulayıblar.






