AktualXəbərlər

Avqustun 23-ü (28 səfər) Peyğəmbərin (s) vəfatının, İmam Həsənin (ə) şəhadətinin ildönümüdür

Hicri təqvimlə səfər ayının 28-də (bu il avqustun 23-də), İslam Peyğəmbərinin (s) vəfat, imam Həsənin (ə) şəhadət günüdür.

Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı nazil olmuş “Maidə” surəsinin 67-ci ayəsi (“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”) artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verirdi. Vəfatından təqribən 80 gün əvvəl, vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: “Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt”.

Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.

Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həzrət Həsən (ə) hicri 50-ci ildə, Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib.

Daha çox göstər
Back to top button