Bu gecə dünya müsəlmanlarının böyük bir hissəsi Həzrət Mühəmməd Peyğəmbərin (s) doğumunun (mövludunun) ildönümünü bayram olaraq qeyd edir. Bəzi ölkələrdə bu bayram mərasiminə “mövlud qəndili” (mevlid kandili) deyirlər. Bu ilki mövlud qəndili sentyabrın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.
Tarixi məlumatlara görə, Peyğəmbər üçün ilk mövlid məclisıni Misirdə hakimiyyət sürmüş Fatimilər sülaləsinin (909-1171) nümayəndələri təşkil etmişlər. Mərasim yalnız sarayda, əyanların iştirakı ilə keçirilirdi. Sonralar Səlahəddin Əyyubinin yeznəsi, İrbil atabəyi Məlik Müzəffərüddin Gökböri (1190-1232) bu ənənəni davam etdirərək, mövlud mərasimlərinin keçırilməsinə əmr verdi (1207-ci il). Bayram tədbirlərində hökmdar və saray əyanları ilə yanaşı, rəiyyət də iştirak edirdi. Hər bölgədən din alimləri, xətiblər İrbildə keçirilən mərasimə dəvət olunurdular.
Bunun ardınca Məkkə, Mədinə kimi iri şəhərlərdə də Peyğəmbərin doğum gününü qeyd etmək ənənəsi yarandı. Tədbirlərin əhatə dairəsi genişlənərək başqa ərazilərə də yayıldı.
Mövlud mərasiminin başlanğıcında Qurani-Kərimdən ayələr oxunurdu. Sonra gözəl səsi olan xətiblər növbə ilə minbərə qalxır və Peyğəmbərin doğuluşunu təsvir edən şeir nümunələri (mövlidnamələr) oxuyurdular. Sultan əyanlara xələt bağışlayırdı, Mədinədən gətirilən xurma camaata paylanırdı.
Bəzi İslam cərəyanları mövlud mərasimınin keçirilməsini günah və bidət sayırlar. Lakin alimlərin böyük əksəriyyətinin fikrincə, əgər mövlud mərasimlərinin keçirilmə qaydasında, burada oxunan şeir və nəğmələrdə dini inanclara, əxlaq normalarına zidd bir şey yoxdursa, haram deyildir. Əksinə, mövlud mərasimlərində Həzrət Mühəmməd Peyğəmbərin (s) fəzilətləri sadalandığı, İslamın mahiyyəti açıqlandığı üçün, bunları təşkil etmək və bu tədbirlərə qatılmaq savab sayılır.
Əhli-sünnə dünyasında Həzrət Mühəmməd Peyğəmbərin (s) doğum günü rəbiül-əvvəl ayının 12-də qeyd edilir. (Türkiyədə bu tarixi miladi təqvimə çevirib nisan (aprel) ayının 20-də də mövlud mərasimləri təşkil edirlər). Şiələr fərqli rəvayətlərə əsaslanaraq, mövludu rəbiül-əvvəl ayının 17-də keçırirlər. Artıq bir neçə ildir ki, İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası adlı beynəlxalq təşkilat şiə və sünni məzhəbləri arasında yaxınlıq yaratmaq məqsədilə bu iki tarixin arasındakı müddəti Vəhdət həftəsi elan edib. Bu həftə ərzində həmin təşkilat tərəfindən beynəlxalq səviyyəli tədbirlər keçirilir. Tədbirlərdə həm İslam Peyğəmbərınin doğum günü qeyd edilir, həm də məzhəblərarası yaxınlaşmanın perspektivləri araşdırılır.
