Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Amerika Birləşmiş Ştatlarına səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Yuta ştatında səfərdədir.
Səfər çərçivəsində Allahşükür Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Konfrans iştirakçılarına müraciəti səsləndirilib.
Müraciətdə şeyxülislam A. Paşazadə ABŞ-ın Yuta ştatının ictimaiyyətinə və din xadimlərinə Azərbaycanın multikultural dəyərlər ölkəsi kimi salamlarını çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası həmrəyliyin dünyada nümunəvi modelə çevrildiyini vurğulayıb.
QMİ sədri ABŞ və Azərbaycanın dini konfessiyaları arasında dostluq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, qarşılıqlı səfərlərin və birgə layihələrin xalqlarımızın mənəvi yaxınlaşmasına xidmət etdiyini bildirib. O, həmçinin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olmasını yüksək dəyərləndirib.
Səfər çərçivəsində QMİ sədri Yuta Ştatı Senatının sədri Adam Stüart ilə də görüşüb. Görüşdə Azərbaycan haqqında xoş sözlər səsləndirilib, ölkəmizin multikultural həyat tərzi yüksək qiymətləndirilib.
Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə də iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.






