Azərbaycanın orta əsrlər tarixinin aktual problemləri – elmi konfrans

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan orta əsrlər tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Tarixi yaddaşın qorunması və elmi tədqiqatların təşviqi məqsədilə keçirilən tədbirdə orta əsrlər dövründə Azərbaycanın dövlətçilik ənənələri, siyasi və iqtisadi proseslər, mədəni irs, eləcə də beynəlxalq əlaqələri müasir elmi yanaşmalar müstəvisində müzakirə və təhlil olunub.

Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev konfransın əsas məqsədinin Azərbaycanın orta əsrlər tarixinə dair yeni yanaşmalar ortaya qoymaq, elmi diskussiyalar apararaq bu sahədə mövcud boşluqları müəyyənləşdirmək, gənc tədqiqatçıları tarix elminə geniş şəkildə cəlb etmək olduğunu söyləyib. Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz Axundova konfransda orta əsrlər tarixinin bəzi aktual problemləri haqqında müzakirələr aparılacağını deyib. O bildirib ki, orta əsrlər dövrünə dair bir çox məlumatlar əsasən ərəb və fars dillərində yazılıb. Həmçinin bir sıra Avropa səyyahlarının, diplomatlarının yazılarında, rus, erməni, gürcü mənbələrində orta əsrlər Azərbaycan dövlətlərinin siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı zəngin məlumatlar var.

Konfransda “Raşidi xəlifələri dövründə xilafətin Azərbaycan siyasəti”, “Azərbaycanın milli-demokratik və mühacir ziyalılarının elmi irsində orta əsrlər tarixinin aktual problemləri”, “Qərb bölgəsinin ənənəvi yaylaqları mənbələrdə”, “Azərbaycanda islamın yayılması”, “Azərbaycan orta əsrlər tarixinin mənbələri və tarixşünaslığı”, “Nemətullah Naxçivaninin təsəvvüf və dini maarifçilik görüşlərinə dair”, “X-XIII əsrlərin Azərbaycan sikkələri və Nailə Vəlixanlının tədqiqatları”, “Şirvanşahlar dövlətinin mədəni irsi və Azərbaycan mədəniyyətində rolu”, “Orta əsr Qəbələ qazıntı yerindən tapılan qadın kəlləsi haqqında”, “İlxanilər dövrünə aid yeni aşkar edilmiş memorial abidələr haqqında”, “Orta əsrlərin maddi mədəniyyətində dekorativ bişmiş kərpiclərin yeri”, “V əsrə aid Qrabarca qaynaqların Azərbaycan tarixinin öyrənilməsində önəmi” mövzularında məruzələr dinlənilib.

Exit mobile version